“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçan hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. “Airbus A350” tipli təyyarə yerli vaxtla gecə saat 1 radələrində Bakı hava limanına enib. Dərhal sərnişinə ilkin tibbi yardım göstərilərək şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat iki saatdan sonra təyinat məntəqəsi itiqamətində havaya qalxıb.
“Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı isə təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Boeing 747 tipli hava gəmisi yerli vaxtla saat 08:32-də Bakı aeroportuna təhlükəsiz eniş edib.
Bütün tədbirlər müəyyən olunmuş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.
