143 yaşı olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakıda yeni binası açılıb.

Bu hadisə 1989-cu ildən bəri  fəaliyyətini Azərbaycan paytaxtında   davam etdirən teatr kollektivi tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.  Teatrın direktoru vəzifəsini müvəqqəti icra edən Zivər Abbasova bildirib ki,   bu  bizim üçün  təkcə bayram deyil,  eyni zamanda varisliyin, yaddaşın və mədəni əzmkarlığın rəmzi deməkdir. Xüsusi qürur doğuran məqam ondan ibarətdir ki, məhz bu teatr, ehtimal ki, İrəvan adını yaşadan və daşıyan yeganə mədəni ocaqdır,- deyə o vurğulayıb.  Zivər Abbasova  qeyd edib ki,  İrəvan sadəcə bir şəhər, xəritədə adi bir nöqtə deyil. Bu, bütöv bir xalqın yaddaşı, onun ruhunun və irsinin dirçəlişidir. “Bu yaddaşın, kimliyin, köklərin və folklorun qorunub saxlanmasının ən təsirli vasitələrindən biri teatrdır. Əminəm ki, İrəvan teatrının səhnəsi bundan sonra da tamaşaçılara milli dəyərlərimizi təcəssüm etdirən əsərləri, həmçinin Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı nümunələrini layiqli səviyyədə təqdim edəcək, gənc nəslə mənəvi və əxlaqi dəyərləri aşılayacaq”, – deyə o əlavə edib.

Zivər Abbasova teatr kollektivi adından Prezident İlham Əliyevə bu sevinci yaşamaq imkanı yaratdığı üçün dərin minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu hadisə təkcə İrəvan teatrı üçün deyil, ümumilikdə Azərbaycanın bütün teatr ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır.

About Author