Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.
Xeberlenti.com-un məlumatına görə bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.
Xatırladaq ki, Anar Qocayev sabiq təhsil naziri Misir Mərdanovun bacısı oğludur.
O, həm də məşhur polkovnik Nizami Qocayevin qardaşı oğludur.
A.Qocayev uzun illərdir adıçəkilən nazirliyin sistemində işləyir. “Yeni Sabah”ın məlumatına görə, o, əmək fəaliyyətinə “nadzor” kimi başlayıb, sonradan Səbail rayon İcra və probasiya şöbəsinin rəisi olub.
Qeyd edək ki, Anar Qocayevin atası Eldar Qocayev Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Texniki Universitetinin mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor olub.
Nizami Qocayev Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi postunda çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına qayıdıb. Daha sonra İsmayıllı Rayon Polis Şöbəsinin rəisi və Gəncə şəhər Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
