Kollegiyadan qovulan vəkil həbs edildi – Nədə ittiham olunur? + FOTO

Bakıda külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirlənsirilən keçmiş vəkil İbrahim Hüseynovun cinayət işi üzrə məhkəmə keçirilib.

Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Hüseynov 1 il 6 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, İbrahim Hüseynov “Güvən” Vəkil Bürosunun vəkili vəzifəsində çalışarkən öz səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş şəxsi aldadıb, onun qeyri-rəsmi nikahda olduğu şəxsin həbsdən azad ediləcəyi və ev dustaqlığına buraxılacağı vədi ilə ümumilikdə 44 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediblər və cinayət işi açılıb. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da, böyük hissəsini verməyib.

Ona Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Təqsiləndirilən şəxs 44 min manatın 20 min manatını geri qaytarıb. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə üzvlükdən xaric edilib.

About Author