UEFA ekspertlərinin hesablamalarına əsasən, “Qarabağ”ın Liqa mərhələsini ilk 24 komanda arasında bitirərək “pley-off”a yüksəlmək ehtimalı 90 faiz təşkil edir. Ağdam təmsilçisi “Liverpul”la oyunda qalib gəlsə və ya heç-heçə etsə, növbəti mərhələyə vəsiqəni öz gücü hesabına təmin edəcək.
Komandamızın məğlubiyyəti halında isə “pley-off”a çıxış digər oyunların nəticələrindən asılı olacaq. Son turda keçiriləcək 7 qarşılaşmanın nəticəsi “Qarabağ” üçün xüsusi önəm kəsb edir. Məsələn, “Barselona” – “Kopenhagen” matçında ispanların uduzmaması və eyni zamanda “Napoli” – “Çelsi” oyununda ingilislərin məğlub olmaması “Qarabağ”ın növbəti mərhələyə avtomatik vəsiqə qazanması üçün kifayət edəcək.
Əgər “Qarabağ” “Liverpul”a uduzsa, aşağıdakı görüşlərdən ən azı ikisində qeyd olunan klubların məğlub olmaması komandamızın “pley-off” şansını qoruyacaq:
– “Napoli” – “Çelsi”
– PSV – “Bavariya”
– “Monako” – “Yuventus”
– “Bayer Leverkuzen” – “Vilyarreal”
– “Atletik” – “Sportinq”
– “Ayaks” – “Olimpiakos”
– “Barselona” – “Kopenhagen”
Qeyd edək ki, “Qarabağ” “pley-off” mərhələsinə yüksələcəyi təqdirdə İngiltərənin “Nyukasl”, İtaliyanın “Atalanta” və ya “İnter”, Almaniyanın isə “Borussiya Dortmund” klublarından biri ilə üz-üzə gələ bilər.
Ümumilikdə “Qarabağ” da daxil olmaqla 18 komanda Çempionlar Liqasının “pley-off” mərhələsi uğrunda mübarizə aparacaq.
