İrana qarşı hava hücumlarının yerüstü hərbi əməliyatlarla müşayiət olunmağa başladığı barədə iddialar var.
“Fox News” İraqda yerləşən kürd silahlı qruplaşmalarının İrana qarşı hərbi əməliyyata başladığı barədə məlumat yayıb. Bu məlumat “Axios” və “İraq Kürdüstan Regional hökuməti”nin bəzi adı çəkilməyən rəsmiləri tərəfindən təsdiqlənib.
Həmin iddialara görə, guya Peşmərgə ordusu hələ 2 mart bazar ertəsi günü İran ərazisində döyüş mövqelərini tutmağa başlayıb. Əməliyyat gecə yarısı başlayıb. Hətta iddia olunur ki, 3 martda İran qoşunları sərhəd şəhəri Mərivandan geri çəkilərək, ətrafda müdafiə mövqeləri tutmağa başlayıb.
“Axios”-un jurnalisti Barak Ravidin ABŞ-nin “yüksək vəzifəli rəsmisinə” istinadla iddia edib ki, İrandan olan kürd hərbi qrupları İranın şimal-qərbində yerüstü hücuma başlayıb və rejimə qarşı yeni cəbhə açıb. İddiaya görə, İran 3 martda sərhəd şəhəri Mərivandan çıxıb. Bölgədə müdafiə mövqeləri yaradılmağa başlayıb. Eyni zamanda, PJAK – kürd qüvvələri Mərivan dağlarının ətrafında minlərlə əsgər yerləşdirərək mövqe tutduğu da iddia olunur.
İsrailin Xarici İşlər nazirinin müavini Şaren Haskel deyib ki, kürdlər İran rejiminin devrilməsində əsas rol oynaya bilərlər. Haskel onlayn paylaşımında kürdləri tərifləyərək onları “Qərbin ən etibarlı tərəfdaşlarından biri” adlandırıb.
O, İsrail-Amerika hava qüvvələri və yerdəki kürd qruplarının birləşməsinin Tehrana təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcəyini irəli sürüb. Haskel əlavə edib ki, Qərb demokratiyalarının “kürdlərə böyük borcu var və ayətullahların vaxtı tükənir”.
Lakin Qərb mətbuatındakı bu məlumatlarda və İsrail XİN başçısının bəyanatlarında yer alan kürd hərbi qruplarının mənşəyi və kmliyi sual doğurur. Çünki bölgədəki aparıcı kürd qüvvələri İrana qarşı hər hansı əməliyyatda iştirak etmədiklərini bəyan edirlər. Məsələn, İraq Kürdüstanının Baş nazirinin müavini Qubad Tələbani rəsmən bəyan edib ki, İraq Kürdüstanı İrana qarşı ABŞ-İsrail münaqişəsində iştirak etməyəcək. “Kürdüstan Bölgəsi neytrallığını tam qoruyacaq”, – deyə o vurğulayıb.

Ərbildə yerləşən Kürdüstan Regional Hökumətinin aparat rəhbərinin müavini Əziz Əhməd isə sosial mediada yazıb ki, bir nəfər də olsun İraq kürdü İran sərhədini keçməyib və bu barədə məlumatlar yalandır.
Kürd nəşri olan “Rudaw” da Amerika və İsrail mediasında kürdlərin İrana qarşı hücumu ilə bağlı yayılan məlumatları təkzib edir. “Kürdüstan Demokrat Partiyası İrana qarşı quru hücumu ilə bağlı məlumatları təkzib edib. İran kürd qrupu “Komala”dan olan mənbə də İrana qarşı quru hücumu başlandığı ilə bağlı məlumatları təkzib edir”, – deyə nəşr bildirir.
Lakin bu arada, İran Kürdüstan Demokrat Partiyasının (PDKI) lideri Mustafa Hicri “İran boyunca, xüsusən də Kürdüstanda vicdanı və azadlıq arzusu olan bütün əsgərləri və hərbçiləri İslam İnqilabı Keşikçiləri Korpusunun, ordusunun və bu rejimin silahlı qüvvələrinin qarnizonlarını, təhlükəsizlik bazalarını və hərbi bazalarını tərk etməyə” çağırıb: “Onlar vəzifələrini və xidmətlərini tərk etməli və ailələrinin yanına qayıtmalıdırlar. Bu, özümüzü hücumlardan qorumaq, eləcə də rejimin silahlı və repressiv qüvvələrinə dəstəkdən imtina etmək üçün edilir”.
Eyni vaxtda İranın Xarici İşlər naziri Abbas Əraqçinin İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri ilə kürdlərin İran ərazisinə quru hücumu barədə xəbərlərdən sonra telefon danışıqları apardığı bildirilib. İran mediasının məlumatına görə, İraqın baş naziri Əraqçini əmin edib ki, İraq hökuməti heç bir halda İslam Respublikasının sərhədlərini təhdid etməyəcək.
İranın qapalı ölkə olması və hərbi əməliyyatların qarışıqlıq yaratması fonunda yayılan məlumatları nə təkzib, nə də təsdiq etmək olmur. Göründüyü kimi, məlumatlar kifayət qədər ziddiyyətlidir və belə təəssürat yaranır ki, real hərbi əməliyyatlar öncəsi informasiya kampaniyası aparılır. Qeyd edək ki, daha öncə İrana qarşı məlum dəhşətli hava hücumlarından və ölkə rəhbərliyinin məhv edilməsindən öncə də buna bənzər informasiya əməliyyatları aparılmışdı…
C.Məmmədli
