Şəmsəddin Əliyev
Hüquqşünas, publisist, AYB-nin üzvü
“Diplomatiya adama baxmadan onu görmək və ya insanı görmədən ona baxmaqdır”
Yak Tati – məşhur Fransız aktyoru
Azad Ensiklopediyanın vikipediyasına görə Diplomatiya – ölkə sərhədindən kənar dövlət marağının müdafiəsi və dövlətin xarici siyasətinə dair tapşırıqların həyata keçirilməsi məqsədilə dövlət başçılarının, hökümətin və xüsusi orqanların xarici münasibətlər üzrə fəaliyyətidir.
“Diplomatiya” yunan dilində, “diploma” sözündən təşəkkül tapıb. Qədim Afinada elçilərə verilən etibarlı sənəd – etimadnamə, – diplomatik sənəd kimi səfirin başqa dövlətlərdə fəaliyyəti üçün səlahiyyətlərini təsdiqləyirdi. Etimadnamə missiyanın məqsədini, diplomatın çinini və ona “inanın, etibar edin” mesajını bəyan edirdi. Sözün mürəkkəb tərcümədə isə mənası belə verilir: Etimadnamə – iki qatlanmış lövhəcik, getdiyi ölkənin vəzifəli şəxsinə – antik şəhərin polisinə, beynəlxalq işləri aparan şəxsə təqdim edilir. “Diplomatiya” sözü də, məhz elə buradan yaranıb.
Bəzən diplomatiya sözü altında dövlətin xarici siyasəti, digər hallarda danışıqların aparılması sahəsində prosedurlar başa düşülür. “Diplomatiya” sözü bu sahədə çalışan, xüsusi qabiliyyət və bacarığa malik insanların beynəlxalq danışıqlarda məharəti, yaxşı mənada fəngir, diri,” pis mənada isə belə işlərdə “məkrli-hiyləgərlik” kimi işlədilir. Diplomatiyaya aid bu sözlərin əhəmiyyəti ingilis dilli ölkələrdə xüsusilə geniş istifadə edilir.
Diplomatiya sözü isə ilk dəfə 1645-ci ildə, İngilitərədə istifadə olunmağa başlanılmışdır. Bir az sonra alman alimi Qotfrid Leybnits “diplomatik” sözünü 1963-cü ildə “Diplomatik hüquq məcmuəsi”ndə işlətmişdir. XVI Lüdovikin bir neçə ölkədə səfiri olmuş fransız diplomatı Frans Kalyer də dövlətinə mənsub olan vətəndaşı kimi xarici siyasətlə bağlı missiyasını həyata keçirdiyi zaman “fəngir”likdən faydalanmışdır.
O, 1716-cı ildə “Dövlətlərlə danışıqların aparılması üsulu” kitabında “diplomatiya”nın müasir əhəmiyyətindən bəhs edib. Bir sıra diplomatiya məktəblərində və diplomatların hazırlanmasında həmin kitab indi də tədris olunur. Danışıqların aparılma incəsənəti, əxlaq prinsipləri üzərində qurulan müəyyən nəzəriyyə əsasları da burada öz əksini tapıb.
Qədim Yunanıstan və Qədim Romada (Bizans imperatorluğunda və orta əsrlərdə) beynəlxalq işlərdə yalan və aldatma mükəmməllik dərəcəsinə çatana qədər işlənirdi. Kalyer tədqiqatı yüksək intellekt çərçivəsində danışıqların saf və doğru-düzgün aparılmasını ortalığa qoyurdu. O, həmin kitabda yazırdı: “Yalan – sözün həqiqi mənasında danışıq aparanın ağlının və düşüncəsinin məhdudluğunun göstəricisidir. Sirr deyil ki, müvəffəqiyyətə nail olmaq üçün tarixən yalandan istifadə olunub. Yalan həmişə arxasında parlaq bir səmərə saxlasa da, bir damla zəhər də saxlayır. Lakin yüksək bilik və bacarıq, dürüstlük əsasında aparılan danışıqlar geniş üstünlük və gələcək üçün uğur gətirir”.
Oksford lüğətində diplomatiya belə bir məna kəsb edir: “Diplomatiya – bu, danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin aparılmasıdır. Bu münasibətlər səfir və elçilərin missiyası zamanı normalarla tənzimlənir. Diplomatiya ağılın gücü, təntənəsi və müstəqil dövlətlərin hökümətləri arasında rəsmi missiyanın aparılması ədəbi və nəzakətidir”.
İngilis diplomatı və siyasətçisi Corc Nikolson və XVI əsrdə yaşayan nəzəriyyəçilər ilk diplomatları mələklərin olduğuna əminlik yaradırdılar. Həmin nəzəriyyəyə görə mələklər göy ilə yer arasında səfir vəzifələrini icra edirlər. Diplomatiyanın əsas məqsədi dövlətin və onun vətəndaşlarının marağını müdafiə etməkdən ibarətdir. 1758-ci ildə nəhayət ki, Diplomatik bir kodeks qəbul edildi.
Tarixdə elə hallar baş verib ki, qəbilələr arasında olan müharibələr zamanı həlak olanların dəfn edilməsi və yaralıların döyüş meydanından götürülməsi üçün müvəqqəti atəşkəslə bağlı razılıq əldə edilib. Bu, danışıqlar yolu ilə baş verirdi. Hər bir dövrün, icitimai-iqtisadi formasiyaların (Quldarlıq, Feodalizm, .. dövrlərinin) özünə xas diplomatiyası olub.
Bu gün, müasir diplomatiyanın və xarici siyasətin insanlıq əleyhinə olması beynəlxalq sistemin dərin böhranı ilə şərtlənir. Milli, elit maraqlar adi insanların rifah və təhlükəsizliyindən üstün tutulur.Tədqiqatçıların təhlilinə görə müasir diplomatiya bəşəriyyətin yox, ayrı-ayrı ölkələrin müdafiə alətinə çevrilib. Qlobal əməkdaşlıq kənara qoyulub, regionlaşma prosesi gedir, antoqonist ziddiyyətli bloklar formalaşır, dünya”özümünkü” və “özgəniniki”lərə bölünür.
İnsanlıq münaqişələrin, zorakılıqların və güc tətbiq etmə faktlarının artımı ilə üz-üzə dayanıb. Qos-qoca tarixin səhifələrində rast gəlmədiyimiz fəlakətlər bəşəriyyəti mühasirəyə alıb… Sülhün qorunmasına yönələn səylər dalana dirənib. Beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə sayğısızlıq halları 3-4 siyasi xadimlərin də böyük baş ağrısına çevrilib. Çıxış yolu tapılmır. Çox təəssüf ki, insan təbiətinə görə belə yaranıb. O, tarixin dərslərindən ibrət götürmür…
Avropanın xarici siyasəti güclü devalvasiyaya, onun “liberal arzu”su inflyasiyaya uğrayıb. Avropalılar dünyanı güc yolu ilə idarə edə bilmək xülyasından daşınmadılar, hərəkətlərinin nəticəsini sağlam təfəkkürlə dərk etmədilər… Müharibələr davam edir!
XX əsrin nəhəng diplomatı, ABŞ-nın keçmiş dövlət katibi H.Kissencer cari yüzilliyin əvvəlində həyəcan təbili çalırdı. O, Amerikanın “mövcud reallıqlara adekvat” ideyalarını, dünyada baş verən proseslərdə diplomatik və siyasi həssaslığın itirilməsini, soyuq müharibədə qalib çıxmağı ”müvəffəqiyyətdən baş gicəllənmə”, təkəbbür kimi, ürək ağrısı ilə qəbul edir, status-kvo ilə razılaşıb, gələcək siyasi arena üçün dəyərləndirə bilməməsinə, nəzərə çarpan iqtisadi səmərəyə görə, strateji təfəkkürlə iqtisadi təfəkkürü ayıra bilməyən siyasi liderlərin müvəffəqiyyətə şirniklənməsinə təəssüflənirdi. Kissincerin nəzərinə görə Amerika bu gün maarifli və erudisiyalı rəhbərlərə ehtiyac duyur.
Müasir dünyada hər bir tarixi dönüş konkret şəxslərin fəaliyyəti ilə sıx bağlıdır. liderləri bir-birilərindən fərqləndirən əsas xarakterik cəhətlər – birini digərindən ayıran qeyri-adi ağlı, hər dövr üçün qəbul edilən, “gələcəyi görən və başa düşən” özəllikləridir. Dünya tarixinin inkişafı həmin dövrlərdə hakimiyyəti idarə edənlərin adları ilə vəhdət təşkil edib.
Siyasi fikirlərin dünya nizamına təsiri XVI-XVII əsrlərin diplomatiya dövrünə təsadüf edir. XVII əsrin tarixi Avropada Fransanın hegemonluq, ağalıq dövrü kimi xatırlanır. Bu dövrün kulminasiyasını 1648-ci il Vestal müqaviləsi təşkil edirdi. Həmin yüzillikdə Fransanın bütün uğurları onun diplomatiyası ilə bağlı olub. Diplomatik nailiyyətlər faktiki olaraq Fransa hökümətinin birinci kardinal nazir (1624-1642) Rişelyenin adı ilə bağlıdır. Məşhur diplomat və XVII əsrin siyasətçisi kimi yadda qalan Rişelye təkmil biliyi və gələcəyin tələbini öncədən görmək bacarığı ilə seçilirdi. Fransa və Avropa siyasi həyatda, habelə diplomatiyada dövlət maraqlarına xüsusi önəm veridiyinə görə kardinal Rişelyeyə çox borcludur. Rişelye Avropada öz dövrünün siyasi müvazinəti qorunmaq prinsiplərinin ilhamvericisi kimi qəbul edilirdi.
XVI-XVII əsr Avropa dövlətlərinin diplomatik fəaliyyətini həyata keçirən səfirlər “şərəfli casus” adlandırılırdı sayılırdı. Onlar daha çox sarayların sirrini əldə etmək sahəsində xidmətlərini qururdu. XVII əsrin sonlarında Fransa diplomatı L.Russo de Şamya hökümətlərin öz səfirlərindən istəyini belə ifadə etmişdi: “Siz əmrləri icra edin, nəyi, necə edəcəyimizi isə biz düşünürük”
Rusiyanın idarəçiliyinə cavabdeh olan I Pyotr, avropalı həmkarlarından o qədər də fərqlənmirdi. O, özünəxas idarəçilik üslubuna üstünlük verir, hətta qəddarlıq nümayiş etdirməkdən çəkinməzdi. Məhz I Pyotrun vaxtında diplomatiya inkişaf etdi, rus diplomatları irəli çəkildi, onlar təkcə eşitməyi yox, icra etməyi də bacarır, özəl mühakimələri diqqət çəkirdi.
I Pyotrun köməkçi diplomatları -H.İ.Qolovkin, P.P.Şafirov, M.P.Bestujev Ryumin, P.A.Tolstoy və başqaları bütün çatışmazlıqlarına baxmayaraq saray daxilində aydın fikirləri və sağlam düşüncələri ilə seçilirdilər. Pyotr sərt xasiyyətinə baxmayaraq məsləhətlərə qulaq asmağı bacarırdı.
1719-cu ildə Rusiyanın üstünü “qara buludlar” alanda, İngiltərənin rəhbərliyi altında yaradılan antirusiya təbliğatının aydın işartılarını görən diplomat B.İ.Kurakin I Pyotra məsləhət gördü ki, ehtiyatlı davransın və hissə qapılmaqdan uzaq olsun(Həmin ərəfədə İsveç Baltik dənizində Rusiyanın gəmilərini qarət və zəbt etdiyinə görə Rusiya çox ehtiyatla davranmalı idi.) Çar, diplomatın məsləhətlərinə qulaq asaraq Baltik dənizində azad ticarətə üstünlük verməklə, Hollandiya və İngiltərəyə xoş təsir imkanları bəxş etdi. Çar, Rus diplomatlarına təmsil olduqları ölkələrdə maksimum çevik olmağı, məharət nümayiş etdirməyi tapşırmışdı. Necə deyərlər, Kurakinin diplomatik proqramı uğurla nəticələndi.
Pyotrdan sonra II Yekaterina “təkbaşçılıq” idarəçilik üslubuna üstünlük verir və Rusiyanın xarici siyasətini özəl təfəkkürünə uyğun həyata keçirməyə başlayırdı. Özü birinci dərəcəli diplomat olsa da, Yekaterina təcrübəli diplomatlara və sərkərdələrə ehtiyac duyurdu. Generalların bəzilərinə etibar etməz, daha çox Aleksandr Suvorovu ümumiyyətlə həzm etməzdi. İmperator xanımın xarici işlərdə ambisiyaları, onun şöhrətpərəstliyə aludəçiliyi həmin dövrün dövlətçilik ənənələrilə üst -üstə düşürdü. II Yekaterinanın uzaqgörən diplomatiyasını tanınmış sovet tarixçisi, akademik E.V.Tarle belə qiymətləndirirdi: “Xanım ipmeratorun mümkün olan ilə mümkün olmayanı ayırd edə bilən aydın ağlı var”.
XVIII əsrin sonlarında Avropa siyasəti Napaleon fenomeni ilə qarşılaşdı. 1789-cu il inqilabı Avropanın siyasi xəritəsində ciddi dəyişikliyə səbəb oldu, güclənən burjuaziyaya yol açıldı, xalq kütlələrinin rolu dəyərləndirildi, daha müasir ordu quruculuğuna start verildi. Ordunun gücləndirilməsi həmin dövrün Avropa ölkələri üzərində Fransanın bir növ üstünlüyünü təmin edirdi. Yeni mərhələ yeni insanlara ehtiyac duyurdu. Napoleon 1812-ci ildə Rusiyaya qarşı döyüşə başladı. O, Çar II Aleksandr ilə bacaracağına əmin olsa da yanıldı…
Napoleon yaxşı diplomat, beynəlxalq və hərbi məsələlərdə gözəyarı ölçmə qabiliyyətinə malik idi. Lakin Napoleonun öncəgörməsi onu baş verəcək uğursuzluqdan qurtara bilmədi, əldə etdiyi qələbələrdən nəşələnən sərkərdə ölçü hissini itirdi. Avropa monarxiyasının özünü müdafiə instinktini də hesablamadan döyüşə başlayan Napoleon, Avropanın ümumi düşmənə qarşı vuruşmadan öncə aralarındakı mövcud münasibətləri həll etməyi (müvəqqəti də olsa) kənara qoymuşdu…
Bu gün güc tətbiq etməmək və ya güclə hədələməmək, sərhədləri pozmamaq, beynəlxalq mübahisələri dinc yolla həll etmək, əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi kimi Beynəlxalq hüququn mühüm prinsiplərinə hörmətsizlik halları, bəzi dövlətlərin zorakılığın “proqram təminatı”na , müharibənin isə insan cəmiyyətinin təbii vəziyyətinə çevrilməsi bəşəriyyətin nifrətinə səbəb olub…
Müharibələr bütöv bəşəriyyət üçün təhlükə, səfalət, doğma yurddan didərgin düşüb ehtiyac və iztirab içində yaşamaqdır. Yalnız təkmil və sivil diplomatiyası olan ölkələr belə təhlükələrdən uzaqlaşa bilir.
Tarixən xalqlar arasında kök salmış nifrət, bəzən uydurulmuş münaqişələrə gətirib çıxarır. Məsələn, serblərlə xorvatlar arasında mövcud nifrət 1980-ci ildən meydana gəlmişdir.
ABŞ islamofobiyanı öz ölkəsinə qarşı olduğunu düşündüyündən islam tərəfdarlarını bu gün də təqib edir. Bu məsələdə liderlik faktoru əhəmiyyət kəsb edir. Hitler ağılsızlığını və ona qarşı olan koalisiyanı, Çörçilin özü haqqında yüksək fikirdə olması, Stalin ambisiyaları, idarəetmədə inzibati amirlik və repressiya faktorları bu gün də başqa tərzdə davam edir. Hətta, elə liderlər də var ki, kütlə müharibə üçün onun arxasınca gedir…
Son 5 ilə yaxın müddət ərzində Rusiyanın Ukraynaya, ABŞ və İsrailin İrana qarşı müharibəsi (ondan əvvəl Fələstin, Qəzza, Livana qarşı amansız davranması)demək olar ki, qeyd etdiyimiz səbəblərin nəticəsidir. “Mənim atomum var, sənin bu nüvəni əldə etməyə haqqın yoxdur, qoymayacağıq, sabah mənə qarşı tuşlayacaqsan” prezumpsiyaları pis qoxuyan sübyektiv təfəkkürün məhsuludur.
Rusiya artıq rəqib kimi ukraynalıları yox, “benderləri” təqib edir. Rusiya-Ukrayna müharibəsi birinci və ikinci dünya müharibəsi və ya Fransa-Prussiya müharibəsi qədər total xarakter daşımır, kütləvi səfərbərlik elan olunmur, dövlət bütün imkanları ilə rəqibinə qarşı döyüşmədiyindən bitmir. Hazırda Ukraynada, Moskvada həyat öz ahəngi ilə davam edir. Hamıya bəllidir ki, hər iki dövlət döyüş zamanı hərbi potensialından tam istifadə etmir. Bu döyüşdə Rusiyanın mütləq hərbi üstünlüyü arsenalında nüvə başlıqlarının olması ilə əlaqədardır. Ukrayna isə zamanında özünün nüvə silahına malik olması imkanından imtina etməsinə acıyır. Ona görə də, fövqəl gücə nail olan dövlətlər müasir dünyada yaranmış situasiyada “qorxulu bir rəqs” ifa edirlər. Nəticəsini yalnız ehtimal etmək olur…
Hindistan və Pakistan arasında 40 ilə yaxın davam edən silahlı toqquşmalar , qısa müharibələr və ya Suriya ilə İsrail arasında 1970 və 1990-cı illərdə baş verənlər qeyd olunanların analogiyasıdır. Həmişə nə tam müharibə, nə də tam sülh olmur. Amma siyasi oyunçulara bu sərfəlidir, onlar böyük sərvətə sahib olur və belə qarşıdurmalarla siyasi hakimiyyətinin ömrünü uzadırlar…
Azərbaycanın dövlətçilik tarixində diplomatiyanın və xarici siyasətin işıqlı dövrü Uzun Həsənin (Qaraqoyunlu və Ağqoyunlu dövləti ) idarəşilik üsuluna təsadüf edir. Avropa ilə sıx diplomatik əlaqə bu zaman olub. Azərbaycan diplomatiyasının tarixi kökləri Qafqaz Albaniyasının, Atropaten, Səfəvilər, Atabəylər və Şirvanşahların zamanına aid edilir. Səfəvi dövləti həm Qərb, həm də Şərqlə aktiv siyasi dialoq aparırdı.
Şirvanşahlar diplomatiyası Moskva knyazlığı ilə dipmissiyalar mübadiləsini həyata keçirir, xarici siyasətin erkən və nümunəvi üsullarını nümayiş etdirirdi.
1918-1920-ci illərdə Araz-Türk Cumhuriyyətinin dövlət xadimlərindən biri, könüllü xalq dəstələrinin tərkibində tabor komandiri olmuş Bəhrəm xan Əmənulla oğlu Naxçıvanski Antanta ordusunun komandanlığı ilə danışıqlar aparırdı.
1918-1920-ci illərdə AXC müasir milli diplomatiyasının əsasını qoymaqla qəbul edilən İstiqlal Bəyənnaməsinin 3-cü bəndində Beynəlxalq İctimaiyyətin bütün üzvləri ilə mehriban qonşuluq şəraitində əməkdaşlığı bəyan edirdi.
1991-ci ildə Azərbaycan təkrar müstəqilliyini bəyan etdikdən sonra xarici siyasətin dörd budağı -Neytralitet, Qarışmama(müdaxilə etməmə), Beynəlxalq hüququ qorumaq, ona riayət etmək və Praqmatizmə – fayda və nəticəyə əsaslanan düşüncə tərzinə üstünlük verdi.
Bu gün müstəqil Azərbaycan həyata keçirdiyi uzaqgörən və cilalanmış xarici siyasətilə uzlaşan tarazlı diplomatiyasıyla regionda təsiredici sübyektə çevrilib. Enerji diplomatiyası – Bakı-Tbilisi-Ceyhan, Cənub qaz dəhlizi layihələri, qonşu ölkələrlə strateji əməkdaşlıq, Qoşulmama Hərəkatına uğurlu rəhbərlik bu istiqamətlərin əyani təzahürüdür. Qeyd etdiklərim dövlətimizin uğurlu nailiyyətlərinin təcəlləsidir…
Tanrı diplomatiyamıza və xarici siyasətimizə həmişə uğur bəxş etsin, milli birliyimizə və gücümüzə qüvvət, xalqımıza və dövlətimizə sədaqətlə xidmət edənlərə bərəkət versin!
