Rusiyanın keçmiş Təbii Sərvətlər və Ətraf Mühit nazirinin müavini Denis Butsayev böyük ehtimalla ABŞ-yə qaçıb.
Rusiya mediasının yazdığına görə, barəsində istintaq aparılan nazir müavini əvvəlcə Belarusa, oradan Gürcüstana, oradan da ABŞ-yə gedib.
Qeyd olunur ki, Butsayevin ABŞ-yə yerləşməsi onun rütbəsindəki vəzifəli şəxsin Rusiyadan qaçmasına dair ilk haldır. Rusiyada nazir müavinləri Baş nazir və ya Prezident tərəfindən təyin olunur. Butsayevin adı ABŞ, Kanada, Böyük Britaniya və ya Aİ-nin sanksiya siyahılarında yoxdur.
“Vedomosti” mənbələrinin məlumatına görə, nazir müavini Rusiyanı 22 apreldə, işdən çıxarılması barədə əmrin imzalandığı gün tərk edib. Rəsmi olaraq onun vəzifəsindən öz istəyi ilə istefa verdiyi elan edilib. Lakin o da məlumdur ki, Butsayevin 2020-ci ildən 2025-ci ilə qədər rəhbərlik etdiyi Rusiya Ekoloji Operatorunun (REO) top menecerlərinə qarşı cinayət işi açılıb və 100 milyardlara rublluq layihələrdəki korrupsiya hallarının araşdırıldığı işdə onun da adı keçir.
