Vyetnamın Baş prokuroru Nquyen Tiyenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.
Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Baş nazir Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib. Tərəflər hər iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.
Həmçinin, nümayəndə heyətini Milli Məclisinin sədri Sahibə Qafarova qəbul edib. Görüş zamanı qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə edilib.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Azərbaycanın Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verilib.
Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.
