Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) tərtib etdiyi və nəsli tükənən heyvanların olduğu “Qırmızı siyahı”da yer alan qütb ayılarının nəsli kəsilə bilər.
Şimal qütbündə – Arktikada tədqiqat aparan türk alimləri bununla bağlı xəbərdarlıq ediblər. Onlar elmi tədqiqat çərçivəsində ekosistemi dəstəkləyən fiziki parametrləri tətbiq edərək yaxın illərdə Antarktida qitəsi və Arktikanın dəyişməsi, buradakı canlıların, o cümlədən qütb ayılarının vəziyyəti ilə bağlı hesabat hazırlayıblar.
Alimlər müəyyən ediblər ki, dəniz buzlarının sürətlə əriməsi nəticəsində qütb ayılarının yaşadığı sahələrin kiçilməsi, eyni zamanda, çoxalma dövrünü yalnız buzun üzərində keçirən bu heyvanların populyasiyasının azalması hökumətlər və ekoloqlar üçün həyəcan siqnalıdır.
Qütb ayılarının yaşadığı ərazilərdə müşahidə aparan tədqiqatçılar bildiriblər ki, dəniz buzunun əriməsi bu heyvanların qida mənbələrinin də azalmasına səbəb olub. Belə ki, onların dənizdə ovladığı balıqların da populyasiyası azalır. Digər tərəfdən, Arktikada iqlimin dəyişməsi nəticəsində qütb ayılarının da bəzi virus və bakteriyalara yoluxduğu bildirilir. Türkiyənin 3-cü Milli Arktik elmi tədqiqat qrupunun rəhbəri professor Burcu Özsoyun deyib: “Arktika və Antarktida arasında ciddi fərqlər mövcuddur. Arktika bir okean, Antarktida isə qitədir. Bu ərazilərdə yaşayan canlılar arasında da böyük fərqlər var. Məsələn, cənubda daha çox pinqvinlər, şimalda isə qütb ayıları yaşayır. Antarktidada canlılar insandan qorxmur, lakin Arktikada onlar daha həssas və qorxaqdır. Xüsusən, 71-ci şimal enliyindən 81-ci şimal enliyinə keçid olan ərazidə heyvanlar yaşamaq uğrunda mübarizə aparır və onların nəsli kəsilə bilər. Buzların üzərində yaşayan və çoxalan qütb ayıları həm buzlaqların əriməsi, həm də qida mənbələrinin azalması təhlükəsi ilə üz-üzədir. Onlar bizim gəmimizə də yaxınlaşırdı, tək məqsədləri isə qida əldə etmək idi. 2030-cu ilin yay aylarında Arktikada heç bir dəniz buzunun qalmayacağı bildirilir, bu isə qütb ayılarının məhv olması deməkdir”.
Türk Arktik tədqiqatçıları qrupunun ekspedisiya ilə bağlı hazırladığı hesabat BMT-nin müvafiq strukturlarına göndərilib.