“Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır”.
Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.
Qeyd olunub ki, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir:
“İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10%-ə qalxa və ya daha çox arta bilər”.
Bildirilib ki, İrəvanla Ankara arasında birbaşa ticarətin başlanması Ermənistandan Türkiyəyə ixracın payının Ermənistanın ümumi ixracının 6,7%-ə qədər artmasına və idxalın da yüksəlməsinə səbəb olacaq.
Nazirlik vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı olması Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir və bu xidmətin baha olmasına gətirib çıxarır:
“Hazırda Ermənistan Logistika Effektivliyi İndeksində 186 ölkə arasında 96-cı yerdədir”.