XƏBƏRLENTİ

xeberlenti.com

Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir – Yazgül Abdıyeva

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Şəkərli diabetin göz fəsadları və torlu qişanın patologiyası şöbəsi fəaliyyət göstərir. Həmin şöbədə şəkərli diabetli xəstələrin gözlərinin müayinəsi və diaqnostikası həyata keçirilir. Korluğa səbəb olan xəstəliklər içərisində şəkərli diabet xəstəliyi ön sırada durur. Erkən diaqnostika isə korluğun qarşısını alır. Ona görə də şəkərli diabetdən əziyyət çəkənlər mütləq 6 aydan bir oftalmoloqun müayinəsindən keçməlidirlər.

Bunu Milli Oftalmologiya Mərkəzinin tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva sentyabrın 12-də “Şəkərli diabetlə yaranan risklər” mövzusunda keçirilən seminarda deyib.

Yazgül Abdıyeva diabet xəstəliyinin hazırda ən aktual məsələlərdən biri olduğunu, dünyada 537 milyondan çox insanın həmin xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Bildirilib ki, həmin rəqəmlər nisbidir. Çünki insanların hamısı müayinədən keçmir.

Şəkərli diabetli xəstələrin mütləq qanda şəkərin miqdarını nəzarətdə saxlamalı olduğunu deyən Y.Abdıyeva qanda şəkərin miqdarının kəskin artıb-azalmasının diabetik komaya qədər gətirib çıxara bildiyini diqqətə çatdırıb.

Digər çıxış edən mütəxəssislər şəkərli diabetin çox geniş yayılan və sürətlə artan xəstəlik olduğunu, əksər hallarda ona gec diaqnoz qoyulduğunu diqqətə çatdırıblar. Bildirilib ki, bu gün insanlar arasında insulin rezistentliyi geniş yayılıb. Çəkisi çox olan insanlarda daha sıx rast gəlinir. Bu isə şəkərə meyil yaradan faktorlardan biridir.

Qeyd olunub ki, ölkəmizdə 700 minə qədər şəkərli diabetdən əziyyət çəkən xəstə var. Lakin hazırda çox böyük problemlərdən biri də prediabet, yəni diabetdən qabaqkı vəziyyətdir. Bu zaman şəkərli diabet yaranmasının qarşısını almaq mümkündür. Tədqiqatlara görə, prediabet mərhələsində olanların sayı diabetdən əziyyət çəkənlərdən 3 dəfə çoxdur. Bunu nəzərə alaraq demək olar ki, ölkəmizdə prediabet və diabeti olanların ümumi sayı 2 milyon civarındadır.

Mütəxəssislər bildiriblər ki, xəstəlik başlayınca dərhal şikayət vermir. Ağız quruması, susuzluq, tez-tez sidiyəgetmə, görmədə zəiflik, halsızlıq, yorğunluq kimi erkən əlamətlər adətən xəstəlik başlayandan 4-5 il sonra üzə çıxır. Qeyri-düzgün qidalanma, passiv həyat tərzindən əlavə, hiss, həyəcan, narahatlıq, daimi stress, o cümlədən genetik faktorlar xəstəliyin yaranma səbəbləri arasındadır. Valideynlərin hər hansı birində şəkərli diabetin varlığı gələcəkdə övladlarında mütləq şəkildə həmin xəstəliyin olma ehtimalına gətirib çıxaran amillərdən biridir. Həmin vacib faktoru diqqətə almaq, bu genin dominantlıq əldə etməməsi üçün gənclərdə daha sağlam həyat tərzi və sağlam qidalanma vərdişləri formalaşdırmaq lazımdır. Həmçinin stressli iş rejimindən uzaq olmalı, özümüzə müəyyən sosial vaxt ayırmalı, şən, nikbin əhval ruhiyyəli həyat keçirməli və yuxumuza diqqət yetirməliyik. Bununla yanaşı, yaşı 35-dən yuxarı olanların üç ildən bir qan şəkərini yoxlatdırması tövsiyə olunur.

Çıxış edənlər metabolik cərrahiyyənin şəkərli diabetdən əziyyət çəkənlər üçün ümidverici nəticələr verdiyini də diqqətə çatdırıblar.

About Author