“Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib. Qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb”.
Bu barədə Azərbaycan XİN-in Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhində bildirilib.
Qeyd edilib ki, Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.
“Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.