Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda ümumi sabitlik üçün mühüm faktor olacaq.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanla Naxçıvanı birləşdirəcək bu dəhliz bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək.
Nazir müavini vurğulayıb ki, bu il iyunun 2-də üçtərəfli işçi qrupunun sonuncu görüşü baş tutanda tərəflər nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində mühüm irəliləyişin olduğunu qeyd ediblər:
“Amma biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması, daha doğrusu Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Mehri marşrutunun yaradılması ilə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımıza razılıq əldə etməkdə aktiv kömək edirik. Axı biz Ermənistan ərazisindən keçən dəmir yolundan danışırıq, ona görə də mən Mehri marşrutu adından istifadə etməyi özümə icazə verirəm… Bəli, Azərbaycanda buna Zəngəzur dəhlizi deyirlər. Belə deyək ki, bu formula hər kəsi qane edir. Biz inanırıq ki, bu razılaşma Cənubi Qafqazda ümumi sabitlik üçün çox mühüm amil olacaqdır. Bu, bütün Cənubi Qafqaz dövlətlərinin iqtisadi inkişafına töhfə verəcək, çünki bu halda Ermənistanın nəqliyyat-logistika mərkəzinə çevrilmək, Azərbaycan, Türkiyə və Rusiya ilə nəqliyyat əlaqələrini gücləndirmək və genişləndirmək imkanı olacaq. Azərbaycan ölkənin iki hissəsi arasında fasiləsiz ritmik nəqliyyat əlaqəsinə malik olmaq imkanı əldə edəcək. Cənubi Qafqazda vəziyyətin ümumi sabitləşməsi isə Ermənistanla Azərbaycan arasında gələcək üçün etimadın əsaslarının möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, biz üçtərəfli işçi qrupu çərçivəsində bu məsləhətləşmələri davam etdirmək əzmindəyik”, deyə rusiyalı diplomat qeyd edib.
Qaluzin Ermənistanda Qarabağdan sonra yeni müharibənin Zəngəzur dəhlizinə görə baş verəcəyi qorxusu ilə bağlı və Bakı ilə İrəvan arasındakı ziddiyyətləri necə həll etmək olar suallarını da cavablandırıb. Bildirib ki, bunu yalnız danışıqların davam etdirilməsi və nəzəri baxımdan qarşılıqlı məqbul həllərin tapılması ilə həll etmək olar: “Praktiki olaraq biz hesab edirik ki, hər bir tərəfdən hökumət başçılarının müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupun iclası davam etməlidir. Əlbəttə ki, hər şey beynəlxalq hüquq çərçivəsində edilməlidir. Ancaq sizin qeyd etdiyiniz qorxuya, hansısa hərbi əməliyyatın mümkünlüyünə gəlincə, Rusiya bütün problemlərin siyasi və diplomatik yollarla həllinin arzuolunan olmasını hesab edir”, – deyə Rusiya XİN başçısının müavini yekunlaşdırıb.