İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından 3 il ötür.
2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olub.
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.