Konstitusiya Məhkəməsinin Plenumu bu gün növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxır.
Xewberlenti.com xəbər verir ki, Milli Məclis iyunun 21-də növbədənkənar parlament seçkilərinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Müraciətdə bildirilib ki, son illər Qarabağda əldə edilmiş tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub.
Deputatlar sadalanan məsələləri, eyni zamanda 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini nəzərə alaraq, parlament seçkilərinin vaxtının önə çəkilməsini xahiş ediblər.
“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu baxımdan Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin demokratik prinsiplərə uyğun olaraq şəffaflığı və rəqabətliliyi təmin etməklə yüksək səviyyədə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması dövlətin əsas vəzifələrindən biridir”, – müraciətdə vurğulanıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Məhkəməsinin Plenumu iyunun 27-də saat 10:00-a iclasa toplaşıb. İclasda növbədənkənar seçkilərlə bağlı Prezident sorğusuna baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.
İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti hazırkı parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinə dair Milli Məclisin 21 iyun tarixli müraciətini hələ cavablandırmayıb.
Hazırkı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsinə dair dövlət başçısının sorğusunun ictimiayyətə məhkəmənin qərarından sonra açıqlanması gözlənilir.
Xatırladaq ki, 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumla Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilib. Həmin referendumda Konstitusiyaya edilmiş dəyişikliyə görə, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər.