HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin böyük oğlu Əbdül Salam Haniyə atasının Tehranda necə öldürüldüyü ilə bağlı yeni təfərrüatları açıqlayıb.
“Mehr” agentliyi xəbər verir ki, Əbdül Salam atasının mobil telefonunun izləndiyini və həmin koordinatlar əsasında raketin hədəfinə çevrildiyini təsdiqləyib.
Onun sözlərinə görə, atası yatanda telefonu yanında imiş, gecə saatlarında həmin koordinat üzrə atılmış dəqiq raket isə onun həyatına son qoyub.
O, həmçinin bəzi KİV-lərin həmin məkanda əvvəlcədən bombanın yerləşdirilməsi barədəki iddiaları da təkzib edib.
“Hesab edirəm ki, partlayıcı qurğunun olması ilə bağlı xəbər tamamilə əsassızdır”, – o vurğulayıb.
İsmayıl Haniyyənin oğlu əlavə edib ki, mühafizəçilər atasının qətlə yeirildiyi otağın bir neçə metrliyində olan otaqda olublar: “Əgər iddia edildiyi kimi, orada partlayıcı qurğu olsaydı, bütün evdə partlayış olardı”.
O, telefon nömrəsinin atasını asan hədəfə çevirdiyini vurğulayıb:
“Atam rəsmi mərasimdə iştirak edib və yanında cib telefonu olub, buna görə də əməliyyat o qədər də mürəkkəb olmayıb”.
O, həmçinin bildirib ki, Haniyə həmin gün telefonundan davamlı olaraq zəng edib və hətta öldüyü gecə yerli vaxtla saat 22:15-də telefondan istifadə edib.
İran İnqilabı Keşikçiləri Korpusunun bəyanatına görə, İsmayıl Haniyə və onun mühafizəçilərindən biri iyulun 31-də Tehranda onların iqamətgahına edilən hücumda öldürülüb.
Açıqlamada İsmayıl Haniyənin öldürülməsinin İsrail tərəfindən planlaşdırılaraq həyata keçirildiyi və ABŞ hökuməti tərəfindən dəstəkləndiyi bildirilib.
Natiq Səlim