Ölkə başçısının Ermənistanın öz havadarlarının dəstəyi ilə irəli sürdüyü 7 şərtə qarşı Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması və işğalçının öz yerini bilməsi üçün etdiyi dərinməzmunlu çıxışı dövlətimizin növbəti dəfə düşmənə ağır siyasi-diplomatik zərbəsinin təzahürü idi. Bütün bunlar dünyanı haqq-ədalətə dəstək verməyə, bilərəkdən siyasi spekulyativliyin qurbanına çevrilməməyə etdiyi növbəti çağırış idi.
Lakin bəzi dövlətlərin hələ də avantüranın təsirindən ayılmaması balanslaşdırılmamış və qeyri-konstruktiv mövqeyə söykənən siyasi oyunbazların sərsəm düşüncələrin məhsuludur. Ona görə də işğalçılıq faktorunun, terrorizmin, nəzarətsiz zonalarda aparılan özbaşınalığın qarşısının alınmamasının bəşəriyyəti məhvə aparmasını dövlətimiz çox kəskin şəkildə bəyan edir. Lakin buna rəvac verən qüvvəllər hələ də dərk etmirlər ki, bir zaman həmin ölkələrin özləri bu qüvvələrin əməllərinin qurbanına çevrilə bilər. Keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan bu günədək bəzi dövlətlərin və təşkilatların tutduğu qeyri-obyektiv və yanlış mövqe bir daha sübut edir ki, onlar öz siyasətini dağıdıcı qüvvələrin maraqları çərçivəsində qurublar, bəşəriyyətin gələcəyini məhvə aparırlar. Ermənistanın Azərbaycana qarşı son təxribat cəhdləri də məhz belə qüvvələrin və dövlətlərin malik olduqları siyasi əqidəni bir daha üzə çıxardı.
Məlumdur ki, xalqımız ötən iki əsrdə silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkib. Qeyd edək ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən zorla çıxarılması 1991-ci ildə başa çatıb.
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində fundamental hüquqlarıdır. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.
Regiondakı hazırkı siyasi vəziyyətin işğalçılara himayədarlıq edən dövlətlər tərəfindən qəsdən düzgün təhlil edilməməsi, ədalətə göz yumulması, məqsədli olaraq münaqişənin qızışdırılma cəhdləri göstərir ki, tarixdə olduğu kimi, Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan bir sıra dövlətlərin əlində vasitədir. Ermənistanın və onun havadarlarının avantürist siyasi gedişləri nəinki regionun, hətta bəşəriyyətin gələcəyinə real təhlükədir.
Rəsmi İrəvanın vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının bu istiqamətdə dialoqa çağırışına Ermənistan rəhbərliyinin qarşı çıxması, bu hüquqların tələbinin “ərazi iddiası” kimi təqdim edilməsi Ermənistanın “insan hüquqlarına” heç bir dəyər verməyən və “etnik təmizləmə əsasında monoetnik dövlət titulunu” qorumaq üzrə məkrli siyasətinin əyani göstəricisidir. 1990-cı illərdən sonra minlərlə Azərbaycan toponimlərinə məqsədyönlü şəkildə dəyişən, tarixi torpaqlarımızdan xalqımızın irsini məhv edən, tarixi abidələri dağıdan, bununla əzəli torpaqlarımızı erməniləşdirməyə cəhd göstərən hayların dövlətimizin Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.
Bu barədə Qərbi azərbaycanlı, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni öz fikirlərini bölüşdü: “Qərbi Azərbaycan məsələsi çox qlobal mövzudur. Təbii ki, bizim üçün milli məsələdir. Biz vətənimizə qayıtmağı daim düşünmüşük. Əlbəttə ki, bunun üçün tarixi şərait olmalı idi. Ordumuzun böyük qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin apardığı milli, bəşəri, mütərəqqi siyasətinin sayəsində Azərbaycan ərazilərinin bütövlüyünün təmin edilməsi, həmçinin bu il həmin bölgələrdə növbədənkənar Prezident və parlament seçkilərinin keçirilməsi Cənubi Qafqazda yeni mühit yaratdı: kamil vətəndaş, sivil cəmiyyət və güclü dövlət.
Bu baxımdan da cənab Prezidentin yeni təşəbbüsü – Qərbi Azərbaycana Qayıdış Konsepsiyası layihəsi hazırlandı, Qərbi Azərbaycan İcması yaradıldı. Qərbi azərbaycanlıların qeydiyyatının aparılması göstərir ki, ölkədə Qərbi azərbaycanlı 300 min insan var. Bunların hər biri 501 maddədən ibarət Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb və bu möhtəşəm konsepsiya bənd-bənd, addım-addım icra olunur. Ona görə də torpaqlarımız işğaldan azad edildikdən sonra insanlarda böyük inam və ümid yarandı ki, biz öz əzəli torpaqlarımıza geri dönə bilərik. Bu gün yüz minlərlə insan Qərbi Azərbaycana – öz doğma yurduna dönmək haqqında düşünür. Qərbi Azərbaycan İcması artıq iki ildən çoxdur ki, bir sıra layihələr həyata keçirərək bu yolda qətiyyətli addımlar atır. BMT, UNESCO və digər beynəlxalq təşkilatlarda onun səsi eşidilir, sözü dinlənilir. Qərbi Azərbaycan məsələsinə kompleks yanaşmaq lazımdır. Bu milli məsələ Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını ehtiva edir və bu konsepsiya təhlükəsiz, ləyaqətli köçlə bağlıdır. Biz qürur hissi ilə öz yurdumuza köçmək istəyirik və buna da zəmanət tələb edirik. Çünki beynəlxalq hüquq çərçivəsində buna haqqımız var. İnanırıq ki, gün gələcək azad Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdışı görəcəyik. Bütün dünya ictimaiyyəti buna dəstək verməli, hazır olmalı, Ermənistan tərəfi də bunu bilməli və bundan irəli gələn tədbirlər görməlidir”.
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, 36 ildir Ermənistandakı tarixi yurd yerlərindən, şəxsi evlərindən məcbur çıxarılmış, qaçqın vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlı hələ də İrəvana, Göyçəyə və digər tarixi məkanlara – Qərbi Azərbaycana qayıda bilmir.
Tarixən azərbaycanlıların yaşadıqları Ermənistanda vətəndaşlarımıza məxsus maddi-mədəni irsin silinməsinə yönəlmiş sistemli kampaniya aparılıb. Bu qəsdən məhvetmə onilliklərdir davam edir. 1870-ci ildə Ermənistan ərazisində qeydiyyata alınan 269 məsciddən bu gün yalnız biri qalıb. Bundan başqa azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq da sistemli şəkildə məhv edilib.
Ermənistanın paytaxtı İrəvan vaxtilə şəhər Dəmirbulaq və Təpəbaşı kimi rayonlara bölünmüşdü. Azərbaycanlılar bu ərazilərdə şəhərin ilkin formalaşmasından etibarən XX əsrin sonlarına qədər yaşayıblar. Azərbaycanlılar tərəfindən tikilən Təpəbaşı məhəlləsinin adı sonradan dəyişdirilərək “Kond” adlandırılıb. Bu məhəllə Ermənistanda azərbaycanlılara məxsus mədəni irsin sağ qalan azsaylı nümunələrindən biridir. Lakin çox təəssüf ki, Ermənistan hökumətinin Azərbaycan xalqının mədəni irsinin silinməsi istiqamətində apardığı sistemli işin tərkib hissəsi olaraq qeyd edilən Təpəbaşı məhəlləsinin tamamilə dağıdılması prosesi gedir.
Müraciətdə xüsusilə nəzərə çatdırılıb ki, Azərbaycan xalqının Ermənistan ərazisindəki maddi irsinin dəyərli nümunələrindən olan İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi və bir çox başqa abidələr tamamilə dağıdılıb. İrəvan xanı Hüseyn Əli Xan tərəfindən XVIII əsrdə tikilmiş Göy məscidin isə tarixi təhrif edilərək guya başqa xalqa məxsus məscid kimi təqdim olunur. Ermənistan tərəfindən azərbaycanlılara aid mədəniyyət abidələrinin dağıdılması bir çox beynəlxalq konvensiyaları, o cümlədən İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı, Ümumdünya İrs Konvensiyasını, Qeyri-maddi mədəni irsin qorunması və irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanı kobud şəkildə pozur.
Ermənistanın etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə ciddi ziyan vurub. Məsələn, UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs siyahısına salınmış Azərbaycan aşıq sənətinin əsas məktəblərindən olan Göyçə aşıq məktəbi hazırda doğma köklərindən uzaq düşüb. Ermənilər tanınmış azərbaycanlı sənətkar Aşıq Ələsgərin doğulduğu Göyçə mahalındakı abidəsini və məzarını dağıdıblar. Bu, Azərbaycan xalqına qarşı təhqirdir. Azərbaycanın mədəni irsinin davamlı şəkildə məhv edilməsi mədəni irsdən istifadə və onu qoruma hüququnu pozur. Bu davranışlar regionda sülh, dialoq və barışıq səylərinə ciddi maneə törədir.
Qeyd edilən məsələlərlə bağlı həm Avropa Şurasının, həm də ATƏT-in açıq mövqe ortaya qoyması tələb edilib. Çünki indiki davranışın Azərbaycan torpaqlarının işğal altında saxlandığı illərdə Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə, azərbaycanlı köçkünlərin pozulmuş fundamental insan hüquq və azadlıqlarına göstərilən münasibətdən heç bir fərqi yoxdur. Azərbaycan cəmiyyəti haqlı olaraq ATƏT-ə, Avropa Şurasına və UNESCO-ya inamını itirib. Antiterror tədbirlərindən qısa müddət sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli addım atdı. Bu rəftar və münasibət qəbuledilməzdir, onu təşkil edənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
ATƏT, Avropa Şurası məsələlərə ikili standartlar prizmasından yanaşmamalı, obyektiv və qərəzsiz olmalıdır. Ermənistan BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapmış prinsiplərə uyğun olaraq, azərbaycanlıların mədəni-tarixi irsinin müdafiəsini, onların öz ata-baba yurdlarına təhlükəsiz qayıdışını təmin etməlidir.
Bayram SALMANOV,
“Respublika”.