XƏBƏRLENTİ

xeberlenti.com

Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub  

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Xeberlenti.com xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar, həmkarlar.

Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.

Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.

Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.

Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, – bu isə açıq-aşkardır, – hər hansı düzəlişlər etmək imkanımız var.

Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

Prezident İlham Əliyev dedi:

-Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.

Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

Görüşə görə bir daha sağ olun.

Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.

 

About Author