XƏBƏRLENTİ

xeberlenti.com

Çin liderindən səkkiz il sonra ilk səfər – Şərqi Türküstana gəldi

Çin dövlət başçısı Si Cinpin Şərqi Türküstana səfər edib.

Çinin rəsmi xəbər agentliyi “Sinxua” Cinpinin 2014-cü ildən bəri ilk dəfə Sincana gəldiyini və burada görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

Bundan əlavə, Çin liderinin Sincan İstehsalat və İnşaat Korpusu (XPCC) adlı qurumun fəaliyyətindən də razı qaldığı bildirilib.

Çin hökumətinə bağlı paramilitar təşkilat olan XPCC uyğur türklərinin məcburi əməyə (qul kimi) cəlb edilməsi də daxil olmaqla, bir çox hüquq pozuntularına görə məsuliyyət daşıyır, bu səbəbdən də ABŞ-ın sanksiya tətbiq etdiyi qurumlar sırasındadır. Çin lideri isə bu qurum haqda islahatlar və inkişafda “böyük irəliləyiş”in əldə edilməsində ciddi rol oynadığını deyib.

ABŞ, Kanada və bəzi Qərb ölkələri Çinin Şərqi Türküstandakı addımlarını soyqırımı kimi qiymətləndirirlər. Yenə də Qərb ölkələri, xüsusilə ABŞ uyğur bölgəsində insan haqlarının pozulmasına görə Pekinə qarşı sanksiyalar tətbiq edir.

İnsan haqları müdafiəçiləri və hüquq təşkilatları, eləcə də bir çox Qərb ölkəsi Çini konsentrasiya düşərgələrində, kütləvi həbslərdə, məcburi əmək, məcburi sterilizasiya, Sincandakı uyğur mədəni və dini obyektlərinin dağıdılmasında günahlandırır. Pekin iddiaları rədd edərək, konsentrasiya düşərgələrinin “peşə və könüllü təlim obyektləri” olduğunu deyir.


Müəllif: Mənsur Rəğbətoğlu

About Author