XƏBƏRLENTİ

xeberlenti.com

“RUSİYA MÜDAFİƏ NAZİRLİYİ BİZƏ SÖZ VERMİŞDİ…” – Prezidentdən Qarabağdakı erməni silahlıları ilə bağlı sərt açıqlamalar

“Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki…”

“Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın”.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfinin öz işçi qrupunu artıq formalaşdırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib.

“Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər”, – deyə Azərbaycan Prezidenti bildirib.

Müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, başqa hər hansı müsbət məqamın olmadığını təəssüflə qeyd edən Prezident İlham Əliyev bildirib: “Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.

About Author