XƏBƏRLENTİ

xeberlenti.com

Səfirliyimizə hücum edənlər kimlərdir və ya Şirazilər haqqında bilməli olduqlarımız

Azərbaycanın anti-terror əməliyyatına başlamasından bir gün sonra və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Qarabağ (həm də Zəngəzur dəhlizi!), eləcə də regionda baş verən prosesləri müzakirə masasına yatıracaq görüşündən bir gün əvvəl gündəmimiz yeni bir olayla silkələndi. Azərbaycanın Londondakı səfirliyi özlərini “Mehdi Qulluqçuları Birliyi” adlandıran qrupun üzvlərinin hücumuna məruz qaldı. Belə bir hücumun baş verməsi və ümumiyyətlə hədəf olaraq məhz bizim səfirliyin seçilməsi, istər istəməz beyinlərdə müəyyən suallar doğurmaqdadlr.

Bu sualların ən başında gələni isə, sözügedən qruplaşmanın hansı ideoloji xəttə mənsub olması və liderinin kimliyidir. Bu təhlili yazımızda məhz görünən və görünməyən tərəfləri ilə bu suallara aydınlıq gətirməyə çalışacağıq. Zatən hücum edən qrup üzvləri də adi şiə qruplaşması hesab edilə bilməz. Görünən budur ki, radikal şiə qruplaşmalarına təsiri olan bəzi qüvvələr, Məhərrəmlik kimi müqəddəs bir ayda, Azərbaycanın haqlı olaraq anti-terror əməliyyatlarına start verdiyi bir dönəmdə, Ərdoğan-Putin görüşündə masaya yatırılacaq əsas məsələlərdən birinin Qarabağ (həm də Zəngəzur dəhlizi) olacağı bir zamanda, həmçinin İraqda təsir qüvvəsi böyük olan və biri-birinə müxalif şiə qruplaşmalarının siyasi iqtidar davasına girmələri fonunda (ki, bu da maraqlı məqamdır və tamamilə başqa bir təhlil mövzusudur) öz hesablarını güdməkdədirlər…

Cərəyanın icində müxaliflər

Mehdi Qulluqçuları Birliyi (Huddam-ul Mehdi) 2001-ci ildə yaradılmış və İngiltərədə yerləşən şiə qruplaşmasıdır. Qruplaşma şiəliyin 12 imamilik cərəyanına mənsubdur. Lideri isə Küveytli din xadimi Yaser Yəhya Abdullah Əl-Həbibdir.

Qrup əhli-sünnə əleyhinə kəskin çıxış və fikirləri ilə seçilir, peyk kanalı vasitəsilə bu cür təbliğat aparmaqdadırlar. İlk üç xəlifə və Peyğəmbərin səhabəsi və həyat yoldaşı hz. Aişə ilə bağlı ciddi mənfi münasibətləri mövcuddur. Əl-Həbib xüsusilə Aişə haqqında sərt fikirlərinə görə 2010-cu ildə Küveyt vətəndaşlığından çıxarılıb.

2013-cü ildə 1,2 milyon funt-sterlinqə aldıqları keçmiş kilsənin yerində Bukingemşir ştatının Fulmer şəhərində Əl-Muhassin Məscidini qurublar.

Yaser Əl-Həbib Küveyt siyasi-dini spektrində “radikal sağçı” hesab olunur. O, İran hökumətinə düşmən münasibət bəsləyir və İranın ali dini lideri Əli Xameneinin dini avtoritetini qəbul etmir.

Əl-Həbib həmçinin İraqdan olan Məhəmməd Hüseyn Fədlallahı “mubtadi ([dində] yenilikçi)” olaraq pisləməkdədir. Baxmayaraq ki, Fədlallahi Livana köçdükdən sonra ənənəvi şiə fiqhinə əsaslanan İslam Şəriəti İnstitutu Hövzəsinin əsasını qoyub. Ola bilər ki, burada münasibətlərə təsir edən əsas amil onun İran şiə doktrinasını müdafiə etməsi, Hizbullahla müəyyən əlaqələrinin olması, hətta hizbullahçıların Fədlallahini mənəvi lider kimi qəbul etmələri olub. Əl-Həbib eyni zamanda vəhdət tərəfdarı olan şiələrə münasibətdə də radikal fikirləri ilə tanınır, onları “bəkri” – , yəni “xəyanətkar” hesab edir.

Lakin qrupun tam şəkildə qəbul etdiyi və hətta mənəvi dini lideri hesab etdiyi başqa bir Ayətullah da var. Və əslində qrupla bağlı maraqlı məqamlar məhz bu zaman ortaya çıxmış olur…

Şirazilər və şirazilik

Qrupun tam şəkildə qəbul etdiyi din xadimin adı Ayətullah Sadiq əl-Şirazidir. “Mehdi Qulluqçuları Birliyi”nin lideri Əl-Həbib də Qumda olarkən Məhəmməd Riza əş-Şirazinin yanında təhsil almışdı və Müctəba əl-Şirazinin kürəkənidir. Yəni həm də Şirazi ailəsi ilə yaxın qohumdur. Buna görə də o, Avropada əş-Şirazi şəbəkəsinin (şiraziyyin) tərəfdarı sayılır. Qrup üzvləri Sadiq əl-Şiraziyə mərcəyi (dini təqlid mənbəyi) kimi tabe olurlar.

O zaman şirazilər kimlərdir?

Ayətullah Xomeyni sürgündə olarkən Kərbəlaya getdiyində Hüseyn Şirazinin əmisi Ayətullah Məhəmməd Hüseyn Şirazi tərəfindən maraqla qarşılanmışdı. İnqilabın ilk illərində müxaliflərin öldürülməsinə qarşı çıxan Şirazi təxminən 20 il Qum şəhərində ev dustağı oldu.

İranda mühafizəkarlara yaxın olan mənbələr bildirir ki, Ayətullah Məhəmməd Hüseyn Şirazinin SAVAK (İran şah dövrünün kəşfiyyat orqanı) ilə əlaqəsi olduğunu iddia edərək, İran-İraq müharibəsinə qarşı çıxması səbəbi ilə Xomeyni Şirazi ailəsinə qarşı mövqe tutur.

Ayetullah Muhammed Hüseyn Şirazi’nin 2001-ci ildə vəfat etməsindən sonra Şirazi ailəsinin ən nüfuzlu üzvü Ayetullah Sadık Şirazi olur.
Xomeyni kimi siyasətin dindən ayrılmayacağını müdafiə edən Sadik Şirazi, idarəçiliyin Velayeti Fəqih deyil, Velayeti Şurayı Mercii Təqlid (Təqlid Mərcii Şurası) şəklində olmasını müdafiə edirdi. Əslində bununla da o, İranın rəsmi doktrinasına alternativ irəli sürməkdə idi.

Xomeynidən sonra Şirazi ailəsinin ulduzları Xamneyi ilə də barışmır. Vilayəti Fəqihlə bağlı mübahisə davam edərkən, Şirazilər ailəsinə aid olduğu iddia edilən onlarla televiziya və radio kanalının xaricdə İran administrasiyası və Xamneyi əleyhinə yayımlar təşkil edir. İranlı mühafizəkarlar Şirazi mediasını Böyük Britaniyadan dəstək almaqda ittiham edirlər.

2010-cu ildə Sadik Şirazinin İngiltərədəki qardaşının Küveytli kürəkəni Yasir Əl-Həbibin – yəni səfirliyimizə hücum edən qrupun liderinin – Peyğəmbərin qohumlarını təhqir etməsi İslam ölkələrinin ciddi etirazına səbəb oldu. Yenə də Əl-Həbibin televiziyada etdiyi çıxışlardan birində Britaniya kraliçasının Ehl-i Beytə inandığını iddia etməsi, onun İngiltərə ilə yaxın olması iddiasının güclənməsinə səbəb oldu.

Xamneyinin 2016-cı ildə etdiyi çıxışda Şirazi ailəsini nəzərdə tutaraq “İngilis şiəsi” ifadəsini işlətməsi ilə, rəsmi Tehranın nəzarətində olan mediada bu ailəyə və cərəyana qarşı total təbliğata start verilir. İranda mühafizəkarlara yaxınlığı ilə tanınan “Təsnim” Xəbər Agentliyində dərc olunan məqalədə Şirazi ailəsi açıq şəkildə ingilislərdən dəstək almaqda ittiham edilirdi.

İranın təqlid mərcilərindən biri olan Ayətullah Sadiq Şirazinin oğlu Ayətullah Hüseyn Şirazinin isə 2018-ci ildə etdiyi çıxışda o, İran rəhbərliyini müharibə tərəfdarı olmaqda ittiham edərək, İran lideri Əli Xamneyini hədəf almışdı. O, həmçinin Vilayəti Fəqih məqamını “Misir fironluq düzəninə” bənzətmişdi. Bu çıxışdan sonra Qum şəhərinin Ruhanilər Xüsusi Məhkəməsi tərəfindən oğul Şiraziyə qarşı iddia qaldırıldı və Hüseyn Şirazi saxlanıldı. Bu həbs həm də Şirazi tərəfdarlarının İraq və Britaniya mərkəzli etirazlarına yol açdı. 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn əl-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Sonra polis tərəfindən həbs ediliblər…

Lakin təqdim edilənlərin fonunda işin görünməyən tərəfləri də var…

Bir sıra ciddi mənbələrin də bildirdiyi kimi, şirazilərlə daxili idarəetmə ilə bağlı bütün fikir ayrılıqlarına (Velayeti Fəqih – Velayeti Şurayı Mercii Təqlid) rəğmən, bir sıra prinsipial əhəmiyyətli məsələlərdə İran mühafizəkarları ilə şirazilər arasında müəyyən işbirliyi də mövcuddur. Unutmaq olmaz ki, idarəetmənin özü ilə bağlı fikir ayrılığı olsa da, ümumi “şiə inqilab modeli”nin ixracında heç bir fikir ayrılığı yoxdur. Və əsasən “Mehdi qulluqçuları” kimi birlik və təşkilatlar, rəsmi təzyiq işə keçmədiyi zaman, ön plana çıxır. Necə ki, Azərbaycan səfirliyinə edilən hücumla bağlı biz bunun şahidi olduq: Zəngəzur dəhlizi ilə bağlı rəsmi təzyiqlərin işə düşməməsi fonunda, meydana “Huddam el-Mehdi” Birliyi daxil olur. Bu birliyin qəbul etdiyi şiraziliyin müxalif olması isə, məsələyə xüsusi “rəng” qatır…
Başqa bir məqam – bu cür “alternativ” cərəyanlardan ərəb şiələrinə təsir etmə forması olaraq da istifadə edilməsidir: İraq, Bəhreyn, Livan, Yəmən…

Digər tərəfdən şirazilik kimi daxildə müxalif olan cərəyanlar, Qərblə münasibətlərdə hər zaman alternativ qapıdır…

Vüqar Zifəroğlu,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı,
filologiya elmləri doktoru,
Əməkdar jurnalist

About Author