XƏBƏRLENTİ

xeberlenti.com

Rus casus qadının NATO zabitləri ilə eşq macərası – Gizli plan

Hər kəsə alman atadan, perulu anadan doğulduğunu deyən və təxminən 10 il özünü zərgərlik dizayneri kimi təqdim edən Mariya Adela Kuxfelt Riveranın əslində Rusiya Baş Kəşfiyyat İdarəsinə (Qlavnoe Razvedıvatelınoe Upravlenie – QRU) işlədiyi və NATO-nun Neapoldakı bazasında alyans rəsmilərinin qatıldığı ziyafətlərdə iştirak etdiyi üzə çıxıb.

Bu barədə “Bellingcat” məlumat yayıb.

Əsl adı Olqa Kolobova olan və QRU üçün çalışan qadın 2013-cü ildə Müttəfiqlərin Birləşmiş Qüvvələr Komandanlığının qərargahının yerləşdiyi Neapolda “Serein” adlı zərgərlik mağazası açıb və casusluğa başlayıb. Olqanın bu şəhərdə ictimai fəaliyyətlərdə də aktiv iştirak etdiyi bildirilib.

Gənc qadınının Neapolda yerləşməzdən əvvəl Roma, Mala və Paris arasında səyahət etdiyi müəyyən edilib.

Neapoldakı beynəlxalq “Lions” klubunun katibi olaraq şəhərin ictimai həyatında da fəal iştirak edən rusiyalı qadın casus bir çox NATO zabitləri ilə yaxınlıq etmək imkanı qazanıb.

Bir NATO rəsmisi Olqa ilə qısa romantik münasibətdə olduğunu deyib.

“Bellingcat”ın baş direktoru Kristo Qrozev hakerlər tərəfindən ona verilən sərhəd keçidlərinin məlumat bazasını araşdırarkən ilk dəfə rus casus qadının izinə rast gəldiyini bildirib. QRU-nun əməliyyatları üçün istifadə edilən Rusiya pasportlarını araşdıran Qrozev Mariya Adela Kuxfelt Rivera adı ilə ilk dəfə burada qarşılaşdığını söyləyib.

Araşdırma nəticəsində məlum olub ki, gənc qadın QRU əməliyyatlarında istifadə edilən müxtəlif Rusiya pasportları ilə səyahət edib. Qrozev 2018-ci il sentyabrın 15-də Riveranın Neapoldan Moskvaya uçduğunu müəyyən edib.

“Bellingcat” Sergey Skripal və qızının İngiltərənin Salisburq şəhərində zəhərlənməsindən sonra Olqa Kolobovanın Avropadakı rus casuslarının deşifrə edilməsi səbəbindən dərhal Moskvaya qayıtdığını bildirib.


 Mənsur Rəğbətoğlu

About Author