Ukrayna ordusunun cənubdakı əsas hədəfi bəlli olub. Ukrayna mediası xəbər verir ki, bu barədə Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk məlumat verib.
“Bu günün əsas vəzifəsi Xerson vilayətində Rusiya ordusunun maddi-texniki təminatı və düşmən qüvvələrinin logistika imkanlarının yox edilməsidir. Daha sonra müvəqqəti işğal olunmuş ərazilərimizi metr-metr azad edərək irəliləmək lazımdır. Baş Qərargah vəziyyətə tam nəzarət edir və daim ictimaiyyəti məlumatlandırır”, – deyə Ukrayna rəsmisi söyləyib.
Sergey Bratçukun sözlərinə görə, çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələri rusların Çernobayevka və Qolaya Pristandakı mövqelərini vurub, Novaya Kaxovka və Kaxovka rayonunda, o cümlədən Tomina Balka ərazisində Rusiya Federasiyasının bir çox hərbi texnikasını yox edib.
Ukrayna ordusu Xarkov vilayətində də hücuma başlayıb. İzyum və Balakleya şəhərləri istiqamətində irəliləyişlərin olduğu bildirilir. Ukrayna komandanlığı əməliyyatları mümkün olduğu qədər informasiya səssizliyi şəraitində aparır və nəticələr barədə rəsmi açıqlama yaymır.
Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, çoxsaylı mənbələrdən aldığı məlumata əsasən Xerson vilayətindəki əməliyyatlar da plan üzrə gedir:”Burada məqsəd işğaldakı əraziləri kənd-kənd azad etməkdən daha çox Dneprin sağ sahilindəki (Xerson şəhəri də bura aiddir) Rusiya ordu qruplaşmasının logistikasını məhv etmək və beləliklə, onları təchizat imkanlarından məhrum qoymaqdır. Böyük ölçüdə bu vəzifəyə nail olunub. Arada ruslar tampon körpülər, barjalar vasitəsilə sağ sahilə müəyyən miqdarda silah-sursat, qida keçirə bilir, amma Ukrayna ordusu həmin vasitələri dərhal atəş altına alır. Ukrayna ordusunun lokal hücumları isə həmin qruplaşma üzərində ciddi təzyiq yaratmağa, onları davamlı canlı qüvvə, hərbi texnika, sursat itkilərinə məruz qoyub, daha tez tükəndirməyə yönəlib”.
Ekspert əlavə edir ki, Dneprin sağ sahil hissəsinin işğaldan azad olunacağı gün uzaqda deyil.
Qeyd edək ki, bu gün ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın maddi-texniki və inzibati imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyi barədə material yayıb.
ISW Xerson vilayətinin qondarma “administrasiya rəhbərinin müavini” Kirill Stremousovun TASS agentliyinə Rusiyanın planlaşdırdığı psevdoreferendumun keçirilməsinin təxirə salındığı barədə məlumatını xatırladıb.
“Stremousovun sözləri işğal rejimi daxilində yüksək səviyyədə qeyri-mütəşəkkilliyə işarə edir və bu, ehtimal ki, əks-hücumun nəticələri ilə bağlıdır. Ukrayna qoşunları Xerson vilayətində Rusiyanın taktiki və əməliyyat səviyyəsinin imkanlarını yavaş-yavaş azaltmaq niyyətindədir. Bütün bunlar işğalçıların inzibati və bürokratik imkanlarına ciddi təsir göstərir”, – deyə məlumatda bildirilir.