“Vaqner” qruplaşmasının rəhbəri, “Putinin aşpazı” ləqəbli Yevgeni Priqojinin həbsxanada saxlanılan rus məhbuslara altı ay Ukraynada gedən döyüşlərdə sağ qaldıqları təqdirdə əfv təklif etdiyi bildirilir.
Britaniya mediası xəbər verir ki, bu barədə Priqojinin məhbuslarla görüşünü əks etdirən görüntülər yayılıb.
O, məhbuslarla görüşündə öz tapşırıqlarını verib və bildirib ki, onlar Ukraynada əsir düşmək əvəzinə öz canlarına qəsd etməlidirlər: “Mən özəl döyüş şirkətinin nümayəndəsiyəm, bəlkə adını eşitmisiniz – “Vaqner”. Müharibədə birinci günah fərarilikdir. Heç kim döyüş meydanını tərk edə və təslim ola bilməz. Hər zaman üzərinizdə iki qumbara olmalıdır. Bir qumbara düşmənlərimiz üçün, biri də özünüz üçün. Siz ya müharibə qəhrəmanı olacaqsınız, ya da fərari kimi güllələnəcəksiniz. Bu, ağır müharibədir. Ancaq bizim silah-sursatımız Stalinqrad döyüşündəkindən iki dəfə yarım çoxdur. Narahat olmayın, ölsəniz, qəhrəman kimi dəfn olunacaqsınız. İkinci günah müharibə bölgəsində spirtli içki və narkotik maddə qəbul etməkdir. Üçüncü günah isə soyğunçuluqdur”.
Daha sonra o, iyun ayında Sankt-Peterburq həbsxanasından müharibəyə göndərilən 40 məhbusun düşmən səngərlərinə basqın edərək, onları bıçaqla öldürməsindən bəhs edir: “İndiyə qədər üç məhkum döyüşçümüz ölüb, yeddisi isə yaralanıb. Ölən məhbuslardan birinin 52 yaşı var idi. O, 30 il həbsdə yatıb, qəhrəmancasına həlak oldu. Biz seks və narkotik maddələrdən istifadəyə görə həbs olunanları sınaqdan keçirəcəyik”.
“Mənim adamlarımın 60 faizi hücum əsgərləridir və siz də onlardan biri olacaqsınız. Sizə söz verirəm ki, sizinlə orada çox yaxşı rəftar edəcəklər. Əgər ölsəniz, vəsiyyətnaməniz qohumlarınıza çatdırılacaq və harada desəniz, orada dəfn olunacaqsınız. Qərar vermək üçün 5 dəqiqə vaxtınız var. Unutmayın, mən sizi bu həbsxanadan sağ-salamat çıxara bilərəm, amma sizi sağ şəkildə geri qaytaracağıma dair söz verə bilmərəm”,- deyə o, bildirib.