Ukrayna hərbçiləri Rusiya hərbi texnikasının nadir nümunəsini – QAZ-233036 “SPM-2 Tiqr”, “R-145BMA” komanda-qərargah maşınını (KQM) ələ keçirib. O, həm dayanacaqda, həm də hərəkət zamanı yüksək komandanlıqla tabeliyində olan bölmələr arasında əlaqəni təşkil etmək üçün nəzərdə tutulub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Cənub Ərazi müdafiə qüvvələrinin regional idarəsi məlumat yayıb.
Qeyd olunur ki, bu texnika “Hərbi Sənaye Şirkəti” MMC tərəfindən Tambov şəhərində yerləşən “Siqnal” radiozavodu ilə birgə istehsal olunur. “Tiqr”in zirehləri KQM ekipajını və avadanlıqlarını artilleriya mərmilərinin və əksər atıcı silah növlərinin güllələrinin parçalarından qorumağa qadirdir.
KQM-in “R-145BMA” tipli zirehli korpusu “STANAG 4569” standartına görə üçüncü səviyyədə ekipaj, döyüş heyəti və nəqliyyat vasitəsinin avadanlığı üçün ballistik müdafiəni təmin edir. Avtomobilin yan və arxa şüşələrində şəxsi heyətin döyüş aparması üçün hissələr yerləşdirilib.
KQM-in zirehli gövdəsi idarəetmə və komanda olmaq üzrə iki bölməyə bölünür. Avtomobilin sürücüsü və komandiri idarəetmə bölməsində, müvafiq rütbəli hərbçi və nişançı isə komanda bölməsində yerləşir.
Qeyd edək ki, bundan öncə Ukrayna silahlı qüvvələri ruslardan ələ keçirilən mindən çox texnikanı ictimaiyyətə nümayiş etdirmişdi.
Məsələn, Rusiya ordusu Xarkov vilayətində geri çəkilmə zamanı “2S7 Pion” özüyeriyən top, onlarla T-72 və T-90 tankları, “Tornado” reaktiv raket qurğusu, yük maşınları qoyub getmişdi.
Ukrayna silahlı qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çrevatıyın sözlərinə görə, indiyə qədər ruslardan 400 tank, 700-dən çox zirehli texnika, 170-dən çox müxtəlif tipli artilleriya sistemi ələ keçirilib. Ukraynalılar bunu hətta zarafatla rusların “lend-lizi” adlandırırlar.