Rusiya KİV-nin yaydığı məlumata görə, rus Pravoslav kilsəsinin baş keşişi (patriarx) Kiril Rusiya əhalisini və dindarlarını iki gün Vladimir Putinin sağlığına dua etməyə çağırıb.
Bu barədə Rusiya Pravoslav kilsəsi xəbər verib. Çağırış Putinin yubileyi ərəfəsində səslənibmiş. Belə ki, oktyabrın 7-də diktatorun 70 yaşı tamam olub. Bu “bayramın” şərəfinə Kiril iki gün dua etməyə çağırış edibmiş. Xəbərə görə, keşişxana hətta iki fərqli duanın mətnini də təsdiqləyib.
Ukrayna KİV-nin yaydığı başqa bir məlumatda isə deyilir ki, Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzü müddəti ərzində Ukrayna müdafiəçiləri tərəfindən Rusiyanın 61 min əsgəri məhv edilib. Müharibəni isə məhz Vladimir Putin başladıb…
Uzun illər boyu rus kilsəsi və rusiyalı siyasətçilər Ukrana və rus xalqlarının pravoslav qardaşlığından, bu insanların eyni milləti təmsil etdiyindən və daha «maraqlısı» isə tarixi rus dövlətinin məhz Kiyev dövləti olduğundan ağız dolusu danışıblar. Bütün bunlardan sonra, günlərin birində meydana bir Putin çıxır və pravoslav ukraynalıları kütləvi halda qırmağı pravoslav ruslara əmr edir!
Budur, Rusiyanın başlatdığı bu qanlı müharibənin 7 ayı tamam olanda, xəbər verilir ki, bəli, bu mənasız müharibədə pravoslav ukraynalılar «yalın əllə» dişinə-dırnağına qədər silahlanmış 61 min pravoslav rus əsgərini qətlə yetirib. İndi «pravoslav dünyasının» baş keşişi Kiril müəllim 7 aylıq qanlı müharibədən sonra, həyatını itirmiş 61 min pravoslav rus əsgərinin ruhuna dualar oxuyaraq, rusiyalı qanlı diktator Vladimir Putini bu mənasız qırğını dayandırmağa çağırmaq əvəzinə, onun sağlığına dualar oxutdurub da rus faşizmini qanlı qırğınlara, hətta nüvə müharibəsinə – kütləvi qırğınlara ruhlandırır. Əcəba, bu, necə dindarlıq, nə təhər pravoslavlıq, nə qardaşlıq olurmuş?…
Görünür ki, Kiril də diktator Putin kimi düşünür – əşi, 61 min əbləhin (krepostnoy rusun!) cəhənnəmə vasil olması elə bir önəmli faciə deyil, əsas odur ki, bu Vladimir o biri Vladimirə qalib gəlsin. Həm də daha önəmlisi odur ki, rus əsgəri də bacardıqca çox ukraynalını öldürsün – Putinin ukraynalılara yönəlik pataloji nifrəti özünü belə büruzə versin. Bu da diktatorun ad gününə ən qiymətli hədiyyə olardı – Molodets, Kiril!
Mirzə AĞ