Krım körpüsünün partladılmasından sonra Rusiya rəhbərliyinin bu sarısıdıcı zərbəyə necə reaksiya verəcəyi maraqla və həm də bir qədər təlaşla gözlənilirdi. Çünki Ukrayna xüsusi xidmət orqanlarının, yaxud silahlı qüvvələrinin həyata keçirdiyi şübhə doğurmayan bu əməliyyat avtokrat Vladimir Putinin şəxsən özünü çox çətin vəziyyətə salmış oldu.
2014-cü ildə Krım yarmadasının işğalı Kreml rəhbərinin şəxsi hakimiyyətinin uzadılmasına, legitimliyinin təmin olunmasına müstəsna töhfələr vermişdi. Büdcədən 4 milyard dollar xərcləyib yarımada ilə Rusiyanı birləşdirən 19 kilometrlik körpünün tikilməsi də Putinin bu həşəmətli uğurunun simvolu hesab olunurdu.
Ukrayna məhz Putinin 70 illik yubileyini qeyd etdiyi gündə Krım körpüsünü vurdu və obrazlı yazsaq, Rusiya diktatorunun sifətinə ağır yumruq zərbəsi endirdi. Reaksiyalardan dərhal göründü ki, Kreml rəhbəri zərbənin təsirindən səndələdi, gözləri qaraldı və nokauta düşməyə hazır olan boksçu kimi sağa-sola xaotik yumruq atmağa başladı. Ukrayna şəhərlərinin raketlərlə bombalanması bu xaotik yumruqları xatırladır…
Körpünün partladılmasından keçən iki gün ərzində Rusiya rəsmiləri və onların diqtəsi ilə işləyən təbliğat maşını çaşqınlıq içərisində idi. Hadisəni olduğu kimi təqdim etmək Putin avtokratiyası üçün ölümə bərabər sayılırdı. Ona görə körpünün vurulmasına görə birbaşa Ukraynaya qarşı ittihamlar irəli sürülmədi. Dərhal ortaya müxtəlif versiyalar atıldı və məqsəd hadisənin miqyasını kiçiltmək, Rusiya hakimiyyətinin imicinə dəyən zərbəni mümkün qədər azaltmaq idi. İlk cəhdlər bumeranqa çevrildi və hətta siyasi elitanın özündə daxili diskusiyalara yol açdı. Kreml ruporları da çaşqın və pərt halda Kremldən cavab tədbirləri görməyi tələb etməyə başladılar.
Putin və onun əlaltıları vəd etdikləri taktiki nüvə zərbələri barədə qərar verə bilmədilər. Çünki bir neçə gün əvvəl ABŞ rəhbərliyi ən yüksək səviyyədə şəxsən Putinin özünü təhdid etmişdi ki, bu cinayətə əl atarsa, onu fiziki baxımdan məhv edəcəklər. O isə canını hər şeydən çox istəyir…
Kreml rəhbəri məcbur qalıb özü kameralar qarşısına keçdi və Krım körpüsünün vurulmasını araşdıran istintaq qrupunun rəhbərini – Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini qəbul edərək hadisənin Ukrayna tərəfindən həyata keçirilən terror aktı olduğunu elan etdi: “Buna şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturu dağıtmağı hədəfləyən terror aktı idi. Bunu Ukrayna xüsusi xidmətləri hazırlayıb, həyata keçirib və göstəriş verib”.
Bu bəyanatın ardınca dünən gecədən Ukrayna paytaxtı da daxil olmaqla əksər iri şəhərlər raket və aviasiya hücumları ilə bombalanmağa başlayıb. Son məlumatlara görə xeyli sayda dinc insan həlak olub və yaralanıb, infrastruktura ciddi ziyan dəyib. Ukrayna Prezidenti Volodimir Zelenski əhalini sığınacaqlardan çıxmamağa çağırıb.
Bu cinayət, əlbəttə, şəxsən Putinin əmridir, diktatorun qəzəbini, hikkəsini, qisas niyyətini göstərir. Amma məqsəd təkcə bunlar deyil:
– Rusiya ordusu bütün cəbhə xəttində hücum mövqelərini itirib və çoxsaylı tələfat hesabına müdafiə olunmağa çalışır. Amma həlqə daralır və hərbi ekspertlər Xersonda, Donetsk və Luqanskda ağır məğlubiyyətin qaçılmaz olduğunu bildirirlər. Putin Krım körpüsünə endirilən zərbənin cavabını cəbhədə irəliləyiş əldə etməklə verə bilməzdi;
– Krım yarımadasını özünün “qırımızı xətti” elan etmiş Putin artıq üçüncü dəfədir ki, Ukrayna ordusunun hücumlarına cavab verə bilmir. Avqustun əvvəlində yarımadada yerləşən strateji əhəmiyyətli Saki hərbi aviabazası Ukrayna tərəfindən darmadağın edildi və Rusiya ordusu təxminən 1 milyard dollar dəyərində ən müasir döyüş təyyarələrini itirdi. Bu hücuma adekvat cavab verilmədi və Kreml propoqandası onu ört-basdır etməyə çalışdı, Rusiya hakimiyyəti də Ukrayna tərəfinə rəsmi ittiham irəli sürmədi. Daha sonra yarımadada daha bir neçə hərbi obyekt raket və dron zərbələri ilə məhv edilsə də, bu hadisələrin üzərindən də sükutla keçildi;
– Putinin yubiley günü Krım körpüsünün partladılmasının cavabsız qalması Kreml rəhbərinin laxlayan hakimiyyəti üçün çox təhlükəli idi. Məlumatlar var ki, siyasi elitada çaxnaşma başlayıb və Putinin iradəsizliyi onun çöküşünü daha da sürətləndirə bilər. Putin məhz bu səbəbdən Ukrayna şəhərlərinə kütləvi hücum əmri verərək qisas tələb edən Rusiya cəmiyyətinə təsəlli verməyə cəhd edib. Eyni zamanda onun çöküşünü gözləyən daxili və xarici qüvvələrə ayaqda olduğunu nümayiş etdirməyə çalışıb.
Əlbəttə, bu hücumlar dinc insanların kütləvi şəkildə öldürülməsinə, infrastrukturun dağıdılmasına gətirib çıxarır, amma Putin heç bir halda ondan faydalana bilməyəcək. Tutaq ki, şəhərlər bir neçə gün də bombalandı, sonra nə olacaq? 8 ay əvvəl Kiyevin üzərinə yeriyən ordunun əsgərlərinin, zabitlərinin cəsədləri Ukrayna çöllərində çürüməkdədir, onların yerini doldurmağa nə qüvvə var, nə də bu avantüranın davam etdirilməsinə ictimai dəstək. Ruslar müharibənin əlindən ölkədən qaçırlar. Putin avtokratiyası fiaskoya uğrayıb və indiki cinayətləri ölüm ayağında olan canlının son titrəyişlərinə bənzəyir…
E.Rüstəmli