“Təbii ki, Qarabağ erməniləri çətin vəziyyətdədir və istənilən varianta hazırdırlar, lakin Rusiya indiki vəziyyətdə Qarabağı ilhaq edə bilməz. Biz indi belə bir məsuliyyəti öz üzərimizə götürə bilmərik, çünki bu, Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurma deməkdir. Axı biz Ermənistandan tələb etmirik ki, Ukrayna ilə münaqişədə bizim tərəfimizdə çıxış etsin”.
Xeberlenti.com “AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin sədr müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin erməni jurnalistin “Qarabağ Rusiyaya birləşdirilə bilərmi” sualına cavab verərəkən bildirib.
“Biz həm Qarabağda, həm də Ermənistan sərhədlərində öz rolumuzun fərqindəyik. Ancaq mənə elə gəlir ki, Ermənistan ilk növbədə, öz daxilində məsələləri həll etməlidir. Son vaxtlar Pelosinin səfəri və müxtəlif görüşlərlə bağlı səs-küy yaranıb. Biz buna etiraz etmirik. Başa düşürük ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün hansısa variantlar axtarır. Lakin ümid edirik ki, İrəvan Rusiya ilə sıx əlaqəni saxlayacaq qədər ağıllı olacaq”, – o bildirib.