XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ institutu Rusiyanın Ukraynaya “Şahid”lərlə hücumunun hədəfini açıqlayıb

Rusiyanın Ukraynadakı mülki infrastruktura İran PUA-ları ilə hücumu döyüş meydanında nəzərəçarpacaq təsirlər əldə etməkdənsə, psixoloji terrora üstünlük verən işğalçıların hərəkətinə uyğun gəlir.

Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Təhlilçilər qeyd edib ki, “Şahid-136”nın yükü 40 kiloqram partlayıcıdır, tipik 155 mm-lik “M795” artilleriya mərmisi isə dörd dəfə az partlayıcı daşıyır.

Kiyevə beş PUA zərbəsi çox böyük əraziyə atılan 15 artilleriya mərmisi effekti verib.

Bu cür zərbələr mülki infrastruktura böyük ziyan vura və əhəmiyyətli hərbi nəticələr olmadan çoxlu insanı öldürə və yaralaya bilər.

Analitiklərin qənaətincə, Rusiya qüvvələri legitim hərbi və cəbhə xəttindəki hədəflərə cəmlənmiş zərbələr endirməklə asimmetrik əməliyyat effektləri yaratmağa çalışmaq əvəzinə mülki əraziləri hədəf alaraq psixoloji təsirlər yaratmaq üçün dronlardan istifadə etməyə davam edir.

Rusiyanın İran dronlarından istifadə etməsi faktı göstərir ki, Rusiya öz daxili əməliyyat-taktiki silah ehtiyatının böyük hissəsini, demək olar ki, tükəndirib.

Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı. Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi. Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.

About Author