XƏBƏRLENTİ

xeberlenti.com

Dədə Süleyman vəfat etdi

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə “Report”a xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Qeyd edək ki, Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan xanəndə şəkər xəstəliyindən əziyyət çəkirdi.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirilib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.

Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.

Süleyman Abdullayevin ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olub.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin!

About Author