“Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı son 30 ildə Rusiya və İranın problemin həlli istiqamətində heç bir konkret addım atmadığı, əksinə işğalçı ilə əmədkaşlıq etdiyi məlumdur. Bugünlərdə Rusiya Prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunun plenar iclasında səsləndirdiyi fikirlər birbaşa olmasa da, dolayısı ilə Rusiyanın məkrli niyyətindən xəbər verir”.
Xeberlenti.com xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Qarabağ ətrafında hazırkı prosesləri moderator.az-a şərh edərkən deyib.
Deputat xatırladıb ki, Putin həmin çıxışında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının zəruriliyini qeyd etsə də, bunun üçün hansı variantın seçilməsini “Ermənistan rəhbərliyinin və Ermənistan xalqının işi” kimi dəyərləndirib. “Halbuki 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın şərtləri Ermənistana bu cür geniş və uzunmüddətli seçim imkanı tanımır”, – o vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Putinin “əgər Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq lazımdır, biz bunu dəstəkləyirik” fikri Ermənistanı bunun əksinə təhrik etmək məqsədi daşıyır. “Çünki Putin və ya Ermənistan hesab etsə də, etməsə də Qarabağ Azərbaycanın bir parçasıdır və onun üzərində əlbəttə ki, Azərbaycanın suverenliyi var. Bu, birmənalıdır. Belə olan halda bu mütləq gerçəyi Ermənistana çoxsaylı seçim variantlardan biri kimi təqdim etmək absurddur”,– o qeyd edib.
Vahid Əhmədov sülh sazişinin imzalanmasını yubadan Ermənistanın bu mövqeyinin Azərbaycanın dövlət başçısı tərəfindən də tənqid edildiyinə diqqət çəkdi: “Ermənistanın sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə təxirə salması, ortaya qəti, sağlam bir mövqe qoymaması Prezident İlham Əliyev tərəfindən də tənqid olunmaqdadır. Xatırladım ki, Prezident İlham Əliyev cari ilin 21 sentyabr tarixində Laçına səfəri zamanı Azərbaycan dövlətinin qəti mövqeyini aşağıdakı sözlərlə ifadə etmişdir: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik”.
Göründüyü kimi, dövlət başçısı Ermənistanı heç kimə arxayın olmamağa, təxribatlardan uzaq olmağa, Azərbaycanın sülh səylərini dəstəkləməyə çağırır”.
Vahid Əhmədov vurğulayır ki, həm Ermənistanın yalan və təxribat siyasəti, həm də dövlət başçımızın bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər xarici siyasət kursumuzu müəyyən qədər sərtləşdirməyin vacib olduğunu göstərir.