Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, ekofəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası davam edir. Bu gün aksiyanın 16-cı günüdür.
Laçın yolunda toplanan dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” kimi şüarlar səsləndirirlər.
Havanın soyuq olmasına baxmayaraq, onlar aksiyanı aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı təhlükəsizlik qaydalarına riayət olunur, indiyədək heç bir insident müşahidə edilməyib.
Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Ötən gün Rusiya sülhməramlılarına məxsus 3 minik və 9 təminat avtomobilinin sərbəst keçidi təmin olunub. Avtomobillərdən 6-sı Laçından Xankəndiyə, qalan yarısı isə əks istiqamətdə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, yolun Şuşa şəhəri ərazisindən keçən hissəsində təşkil olunan aksiya humanitar məqsədlər üçün istifadə edilən avtomobillərin hərəkətinə heç bir maneə törətmir.
Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların Şuşa şəhəri ərazisindəki postu yaxınlığında etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.
Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.