Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:
– Qüdrət bəy, dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan şəxslərə qarşı aparılan gözdənsalma kampaniyası ilə supermarketdə baş vermiş qətl hadisəsi arasında hansısa əlaqənin ola biləcəyi barədə sosial şəbəkələrdə yayılan informasiyaların həqiqət payı nə qədər ola bilər?
– Mən basqın zamanı qətlə yetirilmiş Rüfət Həşimova Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir, yaralananlara şəfa deləyirəm. Cinayət işinin istintaqı zamanı heç bir fərziyyə diqqətdən kənarda saxlanılmamalıdır. Bu, qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən tamah məqsədilə törədilmiş qəsdən adamöldürmə cinayəti də ola bilər, ictimai təhlükəsizliyi pozmaq təhdidi ilə siyasi qərarların qəbuluna nail olmaq üçün törədilən terror aktı (terrorçuluq) da. Cinayətin digər motivlərlə törədilməsi fərziyyələri də istisna olunmamalı və araşdırılmalıdır. Ümid edirəm hüquq-mühafizə orqanları tezliklə, isti izlərlə cinayətin üstünü açacaq və biz əsl həqiqətin nə olduğunu biləcəyik.
– İranda səfirliyimizə avtomat silahla basqın hər birimizi hiddətləndirmiş və çoxlu suallar doğurmuşdu. Həmin suallardan biri də bu idi ki, qatil silahı necə əldə edib? Eyni sual indi bizim özümüzə ünvanlana bilərmi?
– Ola bilsin həmin sualın bizə də ünvanlanması üçün bu qətl törədilib. Bunu yeri gəlmişkən, bir fərziyyə kimi dedim. Silah qaçaqmalçılıq yolu ilə də ölkəyə gətirilə bilər. O da nəzərə alınmalıdır ki, 1988-1995-ci illərdə, dövlət hakimiyyətinin zəif olduğu vaxtlarda, Qarabağ uğrunda döyüşlər zamanı özünümüdafiə batalyonlarının üzvlərinin bir çoxu atəşkəs dövründə silahları təhvil verməmişdi. Sonralar hüquq-mühafizə orqanlarının ciddi səyləri nəticəsində həmin silahlar əhalidən yığıldı, amma həmin silahlardan hələ də əllərdə qalma ehtimalı var.
– Dövlət və ictimai təhlükəsizliyə görə cavabdeh olan şəxslərin hədəfə gətirilməsi hansı maraqlardan doğa bilər?
– Fikir versəniz görərsiniz ki, kim daha çox hədəfə gəlir – Prezident, Birinci vitse-prezident, DİN və DTX. Çünki ölkəmizin qarşısında duran problemlərin həlli üçün siyasi qərarları birinci iki şəxs qəbul edir, sonuncu iki strukturun rəhbəri isə dövlət və ictimai təhlükəsizliyi təmin etməklə həmin siyasətin həyata keçirilməsinə şərait yaradır. Baxın, kasıb insanların lənətini qazanmış hökumət üzvlərini hədəfə gətirən var?! Prezident bəyan edib ki, 2023-cü il Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün həlledici il olacaq. Ona görə düşmənlər, münaqişəni qoruyub saxlamaq istəyənlər bütün istiqamətlərdə fəallaşıb. Xaricdən fit çalınıb və bəlli qrup hərəkətə keçib. Hökumətin içində də güclü hakimiyyəti vəzifələri üçün təhlükə sayanlar var. Bunun üstünə daxili intriqaları da gəlsək, real mənzərinin səbəbləri bəlli olar.
– Bəlli dairələr bəlli kontingentdən istifadə etməklə nəyəsə nail ola bilərlərmi?
– İstifadə olunan material o qədər dəyərsizdi ki, onlar yalnız daha çox nifrət qazana bilərlər. Daxili İşlər nazirinin üstünə birini buraxmışdılar, bəzi həqiqətlər üzə çıxandan sonra insanlar onun adını çəkməyi belə öz ləyaqətlərinə sığışdırmırlar. Eləcə də digərlərinin. Nobel mükafatı laureatı Bernard Şou deyirdi ki, mən donuzlarla mübarizə aparmamağı çoxdan öyrənmişəm, çünki əksi olursa donuzların çirkabı sənə bulaşar, bu da onların xoşuna gələr. Biz də bunu öyrənməliyik.
– Sonda bir məsələyə də münasibət bildirməyinizi istərdik. Türkiyədə Meral Akşener niyə Millət İttifaqından çıxdı? Namizədin kim olması bu qədərmi önəmli idi? Axı, onun adını çəkdiyi şəxslər belə Kılıçdaroğlunun partiyasındandır və onu müdafiə edir…
– O bunu təmsil olunduğu Millət İttifaqının seçkilərdə uğur qazana bilməyəcəyinə əmin olduğu üçün AKP ilə işbirliyinə gedib, CHP daxilində təfriqə yaratmaq məqsədilə edə bilər. Xatırlayırsınızsa, bizdə 2003-cü il prezident seçkiləri zamanı Əli Kərimli də iqtidarla iş birliyinə gedib, onunla birgə hakimiyyətdə təmsil olunmuş İsa Qəmbərin xeyrinə yox, onun səslərini parçalamaq üçün Elçibəyi hakimiyyətdən devirmiş qiyamçılara dəstək verməsinə görə itiham etdiyi Etibar Məmmədovun xeyirinə namizədliyini geri götürdü.
Meral Akşener 5 il sonra haqqında da nələrsə düşünüb belə qərar verə bilər. Amma o Kılıçdaroğlunu müdafiə etsəydi belə, Millət İttifaqının uğur qazanacağına ümid yox idi, çünki Türkiyənin dünyada hər kəsin hesablaşdığı xarizmatik lider olan Ərdoğana daha 5 il ehtiyacı var.