XƏBƏRLENTİ

xeberlenti.com

Qərbi Azərbaycan İcması ATƏT-in yüksəksəviyyəli tədbirində təmsil olunub – FOTO

Qərbi Azərbaycan İcması ATƏT-in yüksəksəviyyəli tədbirində təmsil olunub.

Bu barədə icmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədr müavini, millət vəkili Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali komissarı institutunun təsis edilməsinin 30 illiyi münasibəti ilə iyulun 7-də Vyana şəhərində keçirilən yüksəksəviyyəli tədbirdə icmanın adından iştirak edib.

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanı, ATƏT-in Baş katibi Helqa Şmid, ATƏT-in Milli Azlıqlar üzrə Ali komissarı Kayrat Abdraxmanov, ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi vəziyyəti və milli azlıqların hüquqlarının qorunması məsələsi ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi məsələlər müzakirə olunub. Tədbirdə, o cümlədən, milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

İcmanın sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən icma nümayəndəsi Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulanıb. R.Həsən Ermənistanın öz ərazisindən azərbaycanlıları qovub, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları ilə spekulyasiya etməsinin, ATƏT-in dövlətlərarası münasibətlərdə Milli Azlıqlar üzrə Bolzano/Bozen Tövsiyə Sənədində də qınandığı kimi, ikili standart olduğunu vurğulayıb.

Qeyd edək ki, bu, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatın tədbirində rəsmi təmsil olunduğu ilk hal idi. İcma özünün insan hüquqları gündəliyini beynəlxalq səviyyədə təşviq etmək üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.

About Author