XƏBƏRLENTİ

xeberlenti.com

TƏBİB-in tabeliyindəki doğum evində yeni doğulan körpə öldü

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” (TƏBİB) tabeliyində olan Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evində yeni doğulmuş körpə dünyasını dəyişib.

Xeberlenti.com-un əldə etdiyi məlumata görə, Cəfərova Əminə Qadir qızının yeni doğulmuş övladı sözügedən xəstəxanada ölüb.

Ölən körpənin valideyni övladının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.

Məsələ ilə bağlı TƏBİB-dən  bildirilib ki, Əminə Cəfərovaya məxsus tibbi sənədlər araşdırılaraq rəy verilməsi üçün mütəxəssislərə təqdim edilib:

“Əminə Cəfərova hamiləlik müddətində ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata durmamış, Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evinin həkim mama-ginekoloqunun nəzarətində olmuşdur. Mütəxəssislərin rəyinə əsasən mama-ginekoloqun antenatal və stasionar xidmət zamanı fəaliyyəti qiymətləndiriləcək.

Əminə Cəfərovanın övladının meyiti təşrih olunmadığı üçün ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyildir”.

Xatırladaq ki, 3 saylı doğum evində doğuş zamanı ölüm halları ilk hadisə deyil. Bundan öncə də sözügedən xəstəxanada bir neçə dəfə yeni doğulan körpə və ana dünyasını dəyişib.

About Author