“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Xeberlenti.com Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi “Yurd.MR” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 790 865,56 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Yurd.MR” MMC 16 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 34, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rafiq Kərəm oğludur.
Şirkət yarananda isə qanuni təmsilçisi Məmmədov Ruhin Rafiq oğlu olub. O, 11 avquts 2023-cü ildə Rafiq Məmmədovla əvəzlənib.
Açıq mənbələrdə bu şəxslər barəsində heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Bakı Metropoliteni” QSC ilə bağlanan satınalma müqaviləsi “Yurd.MR” MMC-nin qalib gəldiyi ilk tenderdir. Hər halda şirkətin bundan başqa tenderdə qalib gəldiyi barədə heç bir məlumat yoxdur.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.