XƏBƏRLENTİ

xeberlenti.com

BMT TŞ-nin Ermənistan və Fransanın ittihamlarını qəbul etməməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur

Avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) təcilli iclasında Ermənistanın və Fransanın Azərbaycana qarşı yönəlmiş növbəti cəhdi iflasa uğradı. Belə ki, Fransaya arxalanaraq Laçın yolu ilə bağlı məsələni təcilli müzakirəyə çıxaran Ermənistanın Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək niyyətinə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə başqa don geyindirmək cəhdi nəticəsiz qaldı. Bütün bunlar Ermənistanın hələ də 1988-cı ilin ab-havasından kənara çıxmadığını və öz havadarlarına söykənərək çirkin niyyətlərini davam etdirməyin mümkünlüyünə inandığını göstərir.

Bu sözləri  Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O qeyd edib ki, Ermənistan özü BMT TŞ-nın qətnamələrini 30 ildə ayaq altına ataraq heç vaxt məhəl qoymayıb. BMT TŞ bu il avqustun 2-nə kimi 2 min 694 qətnamə qəbul edib və onların böyük əksəriyyəti erməni silahlı birləşmələrinin tam, qeyd-şərtsiz və dərhal Azərbaycanın ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı məlum qətnamələri kimi icra edilməyib. Azərbaycan BMT TŞ-nın qətnamələrini döyüş meydanında tək başına icra etməklə beynəlxalq hüququn tələblərinə sadiqliyini bir daha sübut edib. Amma bu qətnamələrin biri, yəni, Ermənistan silahlılarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxrılması ilə bağlı məsələ təəssüf ki, hələ də icra edilməyərək qalmaqdadır. Belə ki, Ermənistanın 10 minə yaxın silahlısının bu gün də sülhməramlıların müvəqqəti dislokasiya olunduğu ərazilərimizdə qalması TŞ-nin qətnamələrinə hörmətsizlikdir. Ermənistanın BMT TŞ-nin qətnamələrinə 30 ildə əməl etmədiyi halda həmin təşkilata hansı üzlə müraciət etdiyi sual altındadır. Azərbaycan torpaqlarını işğal edib azərbaycanlılara qarşı soyqırımları törədərək öz doğma yurdlarından qovanda, yaşayış məntəqələrimizi, dini və mədəni abidələrimizi yerlə-yeksan edəndə, işğal etdikləri ərazilərimizdə ekoloji terrorlar törədəndə, yeraltı və yerüstü milli sərvətlərimiz talayıb aparılanda Ermənistan bu günün gələcəyini niyə düşünmədi? İşğaldan azad olunmuş ərazilərdə qazıntı işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqlarda azərbaycanlıların insanlığa xas olmayan vəhşi işgəncələrlə qətlə yetirilərək basdırılması faktlarının şahidi oluruq. Onlar belə qəddar əməllər törədərkən bu günün gələcəyini bilmirdilərmi? O cümlədən Şuşada 17 azərbaycanlıya qarşı vəhşilik edərək tullantı sularının axıdıldığı quyuya atanda bir gün haqsızlıqların yerdə qalmayacağını və onların beynəlxalq təşkilatlardan imdad dilənəcəklərini bilmirdilərmi? Bütün bu faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən cinayət işləri açılıb. Mülkü insanlara qarşı törədilmiş erməni cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılacaq. Qarabağda yaşayan 25-30 min erməninin humanitar böhranla qarşılaması ilə bağlı BMT səviyyəsində saxta ittihamlar qaldıran Ermənistan niyə 1990-cı illərdən itkin düşmüş və girovluqda hesab olunan 4 min azərbaycanlının taleyi ilə bağlı məlumat vermir? Ermənistan TŞ-də Laçın yolunun bağlanması ilə bağlı saxta ittihamı irəli sürəndə 33 il blokadada saxlanılan Naxçıvandakı 500 min azərbaycanlı haqqında heç düşündümü?. Bəli, Ermənistana və onun böyük bacısı Fransaya suallarımız çoxdur. Lakin onlar bilməlidirlər ki, bugünkü Azərbaycan heç də 1990-cı illərin əvvəlindəki ölkə deyil. Bu gün Azərbaycan dövləti güclüdür, heç kimdən asılılığı yoxdur, öz suveren hüquqlarını beynəlxalq səviyyədə qoruya bilir, ərazi bütövlüyünü təmin edərək öz müstəqilliyini möhkəmləndirib. Bundan sonra heç kim iradəmizə qarşı gedə və bizi öz haqq yolumuzdan döndərə bilməz”.

Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşdığını və Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab etdiyini deyən A.Badamov buna görə də dövlətimizin Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin sakinlərin Azərbaycan Konstitusiyasında və ölkəmizin imza atdığı müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlarına zəmanət verilir. O cümlədən Azərbaycan Qarabağda yaşayan ermənilərin humanitar məsələlərini özü həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə Qarabağdakı separatçıların əli ilə özləri özlərinin yollarını beton piltələr qoymaqla bloklayıb.

“Əgər Qarabağdakı ermənilər blokadaya alınıblarsa, bunu Azərbaycan deyil, özləri ediblər. Ermənistan Laçın yolunun bağlanması ilə bağlı saxta məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Lakin BMT Təhlükəsizlik Şurası humanitar məsələləri siyasiləşdirməməyə və mümkün bütün yollardan istifadə olunmasına çağırış edib. Bəli, Azərbaycanın təklif etdiyi Ağdam–Xankəndi, Füzuli-Şuşa-Xankəndi və digər yollar vasitəsilə Qarabağ ermənilərinin təchizatı və təminatı davam etdirilə bilər. Bu gün ermənilərin Azərbaycanın təklif etdiyi yollardan istifadə etməməsi Xankəndidə heç bir qıtlığın olmadığını göstərir. Onların ehtiyaclarını ödəmək üçün yardıma və təminatlara ehtiyac yaranacağı təqdirdə Azərbaycana müraciət edə bilərlər. BMT TŞ Azərbaycanın suveren hüquqlarını üstün tutaraq Ermənistan və Fransanın ittihamlarını qəbul etmədi. Bunu Azərbaycan diplomatiyasının növbəti uğuru, haqq işimizin qələbəsi hesab edirəm.

Qarabağda yaşayan ermənilərin reinteqrasiya olunmaqdan başqa çıxış yolu yoxdur. Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Bakıda və daha sonra Yevlaxda görüş təklif etdi. Qarabağdakı ermənilər əvvəl razılaşalar da, sonradan Ermənistanın müdaxiləsi ilə görüş baş tutmadı. Amma onlar bilməlidirlər ki, Azərbaycan Xankəndidə Konstitusiya quruluşunun bərpasında israrlıdır. Bunu sülh yolu ilə etmək mümkün olmazsa, gücün tətbiq edilməsi qaçılmazdır”, – deyən A.Badamov fikirlərini yekunlaşdırıb.

About Author