XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ silahları Ukraynadakı müharibənin gedişatını necə dəyişdi? – İLGİNC ARAŞDIRMA

Amerikanın HIMARS (High Mobility Artillery Rocket System) raketləri bir neçə gün ərzində Ukraynada “oyun qaydalarını” kökündən dəyişib. Bu raket sistemlərindən sadəcə bir neçəsi Ukrayna ordusuna təmas xətti boyunca 90 kilometrə qədər məsafədə Rusiya ordusunun komanda qərargahlarına, sursat və yanacaq anbarlarına, hərbi texnika və canlı qüvvənin cəmləşmə məntəqələrinə sarsıdıcı zərbələr endirməyə imkan verib. HIMARS raketlərinin zərbələri Rusiya ordusunun Donbasdakı hücumunun sürətini kəskin şəkildə aşağı salıb, Rusiya Silahlı Qüvvələrinin artilleriya və reaktiv minaatanlarının atəş intensivliyini azaltmağa məcbur edib.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, təkcə son bir həftə ərzində HIMARS reaktiv yaylım atəşi sistemləri Donetsk, Petrovski və Kirovski rayonlarında düşmənin sursat anbarlarına 50-dən çox dəqiq zərbə endirib. “Bütün zərbələr məhsuldar oldu, bir dənə də olsun hədəf gözdən qaçmadı”, – deyə Arestoviç bildirib.

ABŞ-ın ukraynalılara təhvil verdiyi HIMARS raketləri 90 kilometr atəş məsafəsinə malikdir – Vaşinqton silahlı qarşıdurmanın genişlənməsini istəmir və buna görə də Ukraynaya birbaşa Rusiya ərazisinə zərbələr endirməyə qadir silahlar verməkdən imtina edir. Eyni zamanda, bəzi mənbələr hazırda Ukraynaya 300 kilometrə qədər uzaqmənzilli raketlərin verilməsi ilə bağlı danışıqların aparıldığını bildirir.

Ruslar üçün ən ağrılısı isə Xerson vilayətinin Novaya Kaxovka kəndində yüksək rütbəli zabitlərin yerləşdiyi komanda məntəqəsinə HIMARS raketlərinin endirilməsi olub. Zərbə nəticəsində bir rus generalı və bir neçə polkovnik həlak olub. Rusiya tərəfi Novaya Kaxovkada “selitra anbarının məhv edildiyini” açıqlayıb.

Xatırladaq ki, Ukrayna rəhbərliyi ABŞ-dan HIMARS raket sistemlərinin alınması üçün uzun müddət mübarizə aparmalı olub. Nəticədə, amerikalılar Ukraynaya yalnız dörd raket  kompleksi göndəriblər, onlardan istifadə edilməsi isə dərhal hərbi əməliyyatların gedişinə təsir göstərib.

Hazırda Ukrayna ordusunda neçə ədəd HIMARS raket kompleksinin olması barədə dəqiq məlumat yoxdur. Lakin qeyri-rəsmi məlumatlara görə, raketlərin sayı ondan çoxdur və bu, ukraynalılara Rusiya hərbi bazalarına gündəlik hücum etməyə imkan verir. Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi əks-hücumlarını həyata keçirməsi üçün onlarla belə komplekslər tələb oluna bilər.

HIMARS kompleksləri müxtəlif mənzilli raketləri buraxa bilir. Eyni zamanda, bəzi mənbələr hazırda Ukraynaya 300 kilometrə qədər atəş aça bilən uzaqmənzilli raketlərin verilməsi ilə bağlı danışıqların aparıldığını qeyd edir.

Mənbələrə görə, “M142 HIMARS” raket sistemi ABŞ ordusunun FMTV üç oxlu təkərli şassisi (orta taktiki avtomobillər ailəsi) əsasında yaradılıb. Və altı ədəd “MLRS” və ya bir ədəd “ATACMS” taktiki ballistik raketi daşıya bilir. Eyni zamanda “C-130” nəqliyyat təyyarəsi ilə istənilən yerə çatdırıla bilən “M142 HIMARS” sistemi istehsal olunur.

Məlumat üçün bildirək ki, “M142 HIMARS” kompleksi haqda məlumat ilk dəfə 1994-cü ildə məlum olub. 2001-ci ildə amerikalılar onu ilk dəfə Əfqanıstanda sınaqdan keçiriblər. HIMARS üç-dörd metr dəqiqliklə hədəfi vura bilir.

Qeyd edək ki, Azərbaycan ordusu da öz arsenalına müxtəlif tipli pilotsuz uçuş aparatları, həmçinin İsrailin “LORA”, “LAR-160” raket kompleksləri, Türkiyənin “TRG-300” “Qasırğa” və digər yüksək dəqiqlikli qurğuları təchiz etməyə nail olub. 44 günlük müharibə zamanı bu sistemlər düşmənin nəzarətində olan ərazilərə yüksək dəqiqliklə sarsıdıcı zərbələr endirməyə, Ermənistan ordusunun silah-sursat anbarlarını, komanda məntəqələrini və digər hərbi infrastruktur elementlərini məhv etməyə imkan verib. Eyni zamanda hərbi ekspertlərə görə, Azərbaycan ordusunun arsenalında olan raketlər (LORA) HIMARS sistemlərindən daha güclüdür. Çünki bu raketlər HIMARS-dan fərqli olaraq 400 kilometrə qədər hədəfi daha dəqiqliklə məhv edə bilir.

Rusiyalı hərbi ekspert Vasili Dandıkin hesab edir ki, hazırda Cənubi Qafqazda ən güclü və texniki cəhətdən təchiz edilmiş qüvvə Azərbaycan ordusudur. Rusiyalı ekspertin fikrincə Qarabağdakı hərbi əməliyyatlarda qazanılan uğurun sirri də məhz budur.

Müşviq Tofiqoğlu

About Author