XƏBƏRLENTİ

xeberlenti.com

“NƏ DANIŞIQ, ONLARI SONADƏK ƏZMƏK LAZIMDIR!…” – “Qadın adlandırılan bir çirkin heyvan var – Marqarita Simonyan!”

Xəbər verildiyi kimi, Rusiyanın növbəti raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərinin mərkəzində baş verən partlayışlar onlarla dinc sakinin həyatına son qoyub. Bu terror nəticəsində həlak olanların üçü uşaqdır. 30 nəfər ölüb, 39 nəfərin taleyindən isə hələ ki, xəbər yoxdur və axtarışlar davam etdirilir.

ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Rusiyanı ukraynalılara qarşı soyqırımda ittiham edib və bildirib ki, Kreml bununla da cinayətkar davranışlarından əl çəkməyəcəyinin siqnalını verib.

O, həmçinin sözügedən terror aktına haqq qazandıran və Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın ünvanına təhqir və ittihamlar səsləndirib: “Rusiya siqnal verir ki, “bəli, biz Ukrayna xalqına qarşı soyqırımı davam etdirəcəyik”. Vinnitsada baş verənlər sadəcə, raket zərbəsi deyil. Bu, həm də həmin əməldən televiziya vasitəsilə həzz alınmasıdır. Onlarda qadın adlandırılan bir çirkin heyvan var – Marqarita Simonyan! O, uzun-uzadı və geniş şəkildə izah edir ki, niyə Vinnitsadakı “Zabitlər evi”ni vurublar. Guya bir neçə gün əvvəl orada millətçilərin toplantısı olub. İndi isə bütün dünya görür qətlə yetirilən həmin balaca “millətçini”, o balaca qızcığazı”.

 

 

Piontkovski Ukrayna kanallarının birinə açıqlamasında Rusiyanın ötən gün qarşı tərəfə daha bir siqnal göndərdiyinə diqqət yetirib. Söhbət Rusiya XİN-in Ukraynadakı savaşla bağlı son mövqeyindən gedir: “İkinci siqnal XİN-dən gəlib. Onlar deyirlər ki, biz sizdən heç nə istəmirik. Sadəcə, Krımın və Donetsklə Luqanskın Rusiyaya lazım olan statusunu tanıyın. Gəlin danışaq, sülh şəraitində yaşayaq və s. Əslində isə 2-3 gündür onların bunkerində nəsə baş verir. Bugünlərdə “HİMERS”-lər onlarda panika yaradıb. İndi orada iki xətt arasında mübarizə gedir. Biri faşistlərdir ki, Putini az faşistlik etməkdə günahlandırırlar. Digəri isə hansısa danışıqlara getməyə tərəfdardır. Lakin bu gün Vinnitsaya qarşı hücumu törədənlərlə hansı danışıqlar aparılmasından söhbət gedə bilər? Onları yalnız sona qədər əzmək lazımdır”.

 

 

Qeyd edək ki, Piontkovskinin barəsində danışdığı Rusiya XİN-in mövqeyi Segey Lavrovun müavini Andrey Rudenko tərəfindən səsləndirilib. O, ötən gün deyib ki, Kiyev istəsə, Rusiya Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır. Moskvanın əsas tələbi isə “reallıqlarla barışmaq”, Krımın Rusiya ərazisi kimi tanınması, eləcə də Luqansk və Donetskin müstəqil statusunun qəbul edilməsidir. Həmçinin, Ukrayna bloklardan kənar qeyri-nüvə dövləti statusu daşımalıdır.

Xatırladaq ki, Vinnitsada baş verənlər Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi ilk və yeganə terror aktı deyil. Bundan öncə Mariupol, Xarkov, Nikolayev, Buça, İrpen, Odessa, Kremençuq və digər şəhərlərdə raket hücumları və mülki əhaliyə qarşçı açıq terror və soyqırım cinayətləri törədilib.

C.Məmmədov

About Author