XƏBƏRLENTİ

xeberlenti.com

TARİXİ GÜN: ƏHALİNİN QARABAĞA QAYIDIŞINA START VERİLDİ – Fotolar + VİDEO (Yenilənib)

Bu gün Zəngilanın Ağalı kəndinə bu yerlərin sahiblərinin qayıdışı baş tutub. Cəmi 2 il əvvəl, 2020-ci ilin ilk aylarında bu inanılmaz görünürdü. Həmin ilin sonunda isə artıq Zəngilan işğal altında olan digər Azərbaycan torpaqları kimi düşməndən təmizlənmişdi. 44 günə şanlı Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın etdi, bizləri Qarabağa qovuşdurdu. 

Azərbaycan dövləti qısa bir vaxtda çox nəhəng işlər gördü, cəmi 1 il 8 aya 30 ilə yaxın işğal altında qalan, az qala hər qarışı minalanmış torpaqlarda yüksək səviyyədə yaşayış şərtlərinə cavab verən “Ağıllı kənd” layihəsini icra olunub və işlər davam etməkdədir.

2022-ci il iyulun 19-u tariximizə Böyük Qayıdış günü kimi düşdü Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb.

29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər.

Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub.

Bununla da iyulun sonuna qədər Böyük Qayıdışın birinci mərhələsi tamamlanmış olacaq.

 

 

 

 

***

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək.

 

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.

 

Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlan­dırılması, isti və soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və orta məktəb inşa edilib.

Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək.

Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Bununla yanaşı, kənddə yeni intensiv bağlar salınmasına, bağçılığın sürətli inkişafı üçün layihələrin həyata keçirilməsinə başlanıb.

Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli binaların inşası da nəzərdə tutulur.

About Author