Müharibə uzandıqca və Putinin ordusu Ukrayna bataqlığında daha çox ilişib qaldıqca, ağır zərbələr aldıqca, Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalı barədə söhbətlər də çoxalmağa başlayır. Çoxları Ukrayna Ordusunun Xerson istiqamətində əks-hücuma keçərək, bu vilayət mərkəzini ələ keçirəcəyi təqdirdə Kremlin vəziyyətinin ağırlaşacağı qənaətindədir.
Mütəxəssislər hesab edirlər ki, bu, müharibədə dönüş nöqtəsinə çevrilə və döyüşlər hətta Krım ərazisinə keçə bilər. Belədə isə Rusiyanın taktiki nüvə silahına əl atması ehtimalının artacağını düşünənlər var.
Lakin Putinin heç bir halda nüvə silahından istifadə etməyəcəyi, yaxud edə bilməyəcəyini deyən nüfuzlu mütəxəssislər və politoloqlar da olduqca çoxdur.
Ötən gün ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Ukrayna telekanallarının birinə açıqlamasında bu mövzuya toxunub və Putinin nədən nüvə silahına əl ata bilməyəcəyini izah edib.
Piontkovski bildirib ki, Rusiya uzun illərdir nüvə silahını şantaj alətinə çevirib: “Bu arqument hələ də masa üzərində şantaj vasitəsi kimi qalır. Bu şantaj 15 ildir ki, uğurla işləyir. Bu şantaja görə Ukrayna ilə Gürcüstanı NATO-ya qəbul etmədilər, Gürcüstan ərazilərinin və Krımın ilhaqına reaksiya vermədilər. Lakin bu, sonsuz qədər davam edə bilməz”.
Politoloqun fikrincə, ən azı üç səbəbə görə Putin nüvə silahından istifadə edə bilməyəcək: “Reallıqda düşünək ki, sabah Putin bu dəhşətli cinayətə əl atdı və 10 minlərlə insanın ölümünə səbəb olan taktiki nüvə silahından istifadə etdi. Bu, hərbi cəhətdən onun üçün nəyi dəyişəcək? Heç nəyi!
Yalnız Ukrayna xalqının və Ukrayna Ordusunun, həmçinin bütün dünyanın hiddətini artıracaq.
Deməli, birincisi, hazırda nüvə silahının tətbiqi heç bir hərbi hədəfə nail olmağa imkan verməyəcək.
İkincisi, bu, şəxsən Putinin fiziki məhvinə gətirib çıxaracaq. Bu məsələ ABŞ hərbi rəhbərliyinin Rusiya hərbi rəhbərliyilə danışıqlarında dəfələrlə bildirilib və qeyd olunub ki, bu addım cəzasız qalmayacaq. Onlar eynilə taktiki nüvə zərbəsi ilə cavb verəcəklər, o cümlədən bu zaman Rusiya hərbi-siyasi rəhbərliyi həmin zərbələrin qanuni hədəfi olacaq.
Nəhayət, üçüncü səbəb odur ki, bu qərarı texniki cəhətdən həyata keçirmək elə də asan deyil. Nüvə zərbəsi sadəcə, Putinin masanın üzərindəki düyməni basması demək deyil. Taktiki nüvə silahını tətbiq etmək çətindir.
Bu silah Müdafiə Nazirliyinin anbarlarında yerləşir. Ora sorğu göndərilməli, daha sonra bir neçə mərhələ keçilməlidir. Sonra bu silahları hansısa nüvə daşıyıcısının yanına çatdırmaq lazımdır. Bütün bu proseslərə amerikalılar ciddi nəzarət edirlər. Onlar zaman-zaman bildirirlər ki, bu istiqamətdə hələ ki, heç bir hərəkətlilik yoxdur və bu açıqlamalar heç də əbəs yerə verilmir.
Beləliklə, bu üç səbəb – hərbi cəhətdən istifadəsinin mənasız olması, şəxsən Putinin həyatına olan təhlükə və texniki səbəb, eləcə də bu prosesdə iştirak edən onlarla insanın əmrə tabe olmaması ehtimalı nüvə silahının tətbiqini demək olar, mümkünsüz edir”.
Qeyd edək ki, Rusiya tərəfindən nüvə silahı tətbiqi ehtimalını mükünsüz edən arqumentlər bununla da bitmir. Əksər ekspertlərin fikrincə, nüvə silahına əl atacağı təqdirdə Rusiya cavab zərbələri almaqla yanaşı, hazırda ona qarşı az-çox loyal münasibət göstərən Çin, Hindistan kimi ölkələri də itirmiş olacaq və hər mənada dünyada birdəfəlik təklənəcək.
Həmçinin, həm cavab olaraq endiriləcək nüvə zərbələrinin, həm də Ukraynada tətbiq olunacaq nüvə silahının mənfi təbii effektləri Rusiyaya və Belarusa da yayılacaq.
C.Məmmədov