XƏBƏRLENTİ

xeberlenti.com

Rublu saxlamaq olmur, 7 faiz ucuzlaşdı – Payızda dollara tələbat kəskin yüksələcək

Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək.

Bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib. Hətta rəsmi kursda da belə rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb.

 

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da, investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür. “Digər tərəfdən, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək. Bu is o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir”, – iqtisadçı əlavə edib.

Deputat xatırladır ki, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Onun sözlərinə görə, yanacaq verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. “Payızdan idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür”,– o vurğulayıb.

Vüqar Bayramov qeyd edir ki, öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzun müddətli dövr üçün dəyərləndirilir: “Dünya iqtisadiyyatında da resessiya meylləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada isə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır”.

About Author