Ekspert: “Özəl mülkiyyətdə olan əmlakın müsadirə olunması və Ukrayna vətəndaşlarına paylanması üçün mütləq məhkəmə qərarları lazımdır”
Rusiya-Ukrayna müharibəsi başlayandan belə tendensiya var ki, Rusiya Federasiyasına tətbiq olunan sanksiyalar üzrə müsadirə olunan vəsaitlər, həbs qoyulan pullar Ukraynaya verilsin.
Bu istiqamətdə bir sıra qərarlar olub. Növbəti bir cəhd də başlayıb.
Bir qrup qərbli hüquqşünas Rusiya şirkətlərindən və sanksiyalara məruz qalan Rusiya Federasiyası vətəndaşlarından 1 trilyon dollara qədər vəsait almaq qərarına gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “McCue Jury & Partners” və “Mishcon de Reya” firmalarına rəhbərlik edən hüquqşünaslar hazırda bununla əlaqədar məhkəməyə iddia ərizəsi hazırlamaqla məşğuldurlar. Onlar özlərini “Ukrayna Ədaləti Alyansı” adlandırıblar.
Müsadirə olunan pulların böyük hissəsi, əgər iddiaçılar qalib gəlsə, Rusiyanın işğalından əziyyət çəkən ukraynalılara veriləcək, investorlar və hüquqşünaslar isə onların faizlərini alacaqlar.
Prosesin çətin keçəcəyi və aylarla uzanacağı gözlənilir. Çünki aktivlərin əhəmiyyətli bir hissəsi qeyri-şəffaf ofşor yurisdiksiyalarda yerləşir, ona görə də onların çıxarılması mürəkkəb və uzun bir proses tələb edir. Fridman, Abramoviç və Aven də daxil olmaqla, sanksiyaya məruz qalan 20-yə yaxın rusiyalı miyarderin onlara qarş tətbiq olunan məhdudiyyətlərdən Avropa Məhkəməsinə müraciət etməsi vəziyyəti çətinləşdirir.
Londonda yerləşən “McCue Jury & Partners” şirkətinin qurucu ortağı Ceyson Makkyunun sözlərinə görə, hüquqşünaslar artıq 200 milyard dollar dəyərində aktivləri müəyyən ediblər. İndi vəkillər 50 min ukraynalı qaçqın adından Böyük Britaniyada sanksiyalar altında olan ruslara qarşı məhkəmə iddiaları açmaq üçün əlavə maliyyə mənbələri axtarırlar.
UNİAN agentliyi Avropa İttifaqının məhkəmənin qərarı ilə həbs edilmiş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı direktiv hazırladığını xəbər verib.
Bu baş verərsə, Rusiya üçün ciddi zərbə ola bilər.
Bu proses hansı mexanizmlər üzrə həyata keçirilə bilər? Dünyada belə presedentlər varmı, hansılardır?
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiyanın aktivləri ilə bağlı son zamanlar baş verən hadisələr özəl mülkiyyətə hörmət və mülkiyyətə toxunulmazlıq kimi fundamenatal dəyərləri pozmaqdan başqa bir şey deyil: “Qərb məgər uzun illərdir görmürdü ki, Rusiyadan çıxarılan milyardlarla vəsaitin hamısı korrupsiya pullarıdır? Təbii ki, görürdü. Rusiyadan son 25 ildə bi trilyon dollara yaxın pul çıxarılıb. Amma indi məhkəmə qərarları olmadan, məhkəmədə bu vəsaitlərin müsadirəsinin qanuni olduğu sübut olunmadan məlum prosesin baş verməsi çox pis presedentlər yarada bilər. Bundan sonra bu presedent başqa ölkələrə də tətbiq edilə bilər. Təbii ki, Ukraynaya təcavüzünə görə Rusiya cəzalanmalıdır. Amma Rusiyanın dövlət aktivləri var və o dövlət aktivlərinə bu cür münasibət olmalıdır. Özəl mülkiyyətdə olan əmlakın müsadirə olunması və Ukrayna vətəndaşlarına paylanması üçün mütləq məhkəmə qərarları lazımdır. Son zamanlar Qərb ölkələrində məhkəmə qərarları olmadan bu addımların atılmasına cəhdlər var ki, bu da xoş təəssürat yaratmır. Yəni bu, Qərb dəyərlərini gözdən salan tendensiyadır. Ona görə də burada çox ciddi hüquqi prosedurlara ehtiyac var. Beynəlxalq qanunvericiliklə müşayiət olunan proses tətbiq olunmalıdır. Rusiyanın dövlət aktivləri ilə vətəndaşlarının şəxsi mülkiyyəti olan aktivlərə münasibət bir-birindən ayrılmalıdır”.
Etibar SEYİDAĞA