Təbiəti, müqəddəs yerləri və qədimliyinə görə İran turizm baxımından cəlbedici ölkədir. Ancaq ölkədə baş verənlər, hakimiyyətin yürütdüyü dağıdıcı siyasət bu sahəyə də mənfi təsir göstərib.
İranın Hava Səyahətləri və Turizm Xidmətləri İdarəsi Həmkarlar İttifaqının rəhbəri Hörmətullah Rəfii bildirib ki, xarici turistlər İrana səfərlərinin 90 faizini ləğv ediblər. Onun sözlərinə görə, İran vətəndaşlarının da xaricə səyahətləri 50 faizdən çox azalıb.
Bir sıra dövlətlər təhlükəsizliyin təmin olunmaması və sabitlik pozulduğu üçün vətəndaşlarına İrana səfər etməyi məsləhət görmürlər. Başqa sözlə, son günlər baş verən etiraz aksiyalarına görə ölkədə sabitlik pozulub, turistlərin təhlükəsizliyinin təmin edilməsində çox ciddi problemlər yaranıb. Bir çox hallarda hüquq-mühafizə orqanları xarici ölkə vətəndaşlarını saxlayaraq barələrində cinayət işi başlayırlar.
Qeyd edək ki, İran rəsmiləri və hökumətə bağlı KİV ölkədəki kütləvi etiraz aksiyalarının xaricdən idarə olunduğu iddiasını irəli sürürlər. Turistlərin xarici ölkələrin “kəşfiyyat orqanlarının əməkdaşı” kimi tutularaq məsuliyyətə cəlb olunmaları ehtimalı az deyil. Belə ki, güc strukturları əcnəbi turistləri də tutaraq İran cəmiyyətinə onları “xarici ölkə casusu” adı altında təqdim edə bilər.
Yeri gəlmişkən, etiraz aksiyalarını müşahidə edən xarici ölkə vətəndaşları arasında tutulanlar var. Fransanın xarici işlər naziri Katrin Kolonna aksiyalar zamanı ölkəsinin beş vətəndaşının saxlanıldığını bildirib.
İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) iddia edib ki, aksiyalarda beşi türkiyəli olmaqla 14 xarici ölkə vətəndaşı həbs edilib. Saxlanılan doqquz nəfər Almaniya, Polşa, İtaliya, Fransa, Niderland, İsveç və başqa ölkələrin vətəndaşlarıdır. Ən pis hal odur ki, İnqilab Keşikçiləri Korpusu və ETTELAAT saxlanılanların kimliyi barədə açıqlama vermirlər. Bu, onların həyatı üçün təhlükənin çox olduğunu deməyə əsas verir.
Odur ki, İranın daxilində sabitliyin pozulması, geniş etiraz aksiyalarının keçirilməsi, təhlükəsizliyə təminat olmaması perspektivdə turistlərin həyatı üçün təhlükəli ola bilər.
Öz vətəndaşlarına hörmət etməyən hakimiyyətin əcnəbilərlə yaxşı davranacağı ehtimalı çox azdır. Baş verən hadisələr deməyə əsas verir ki, etiraz aksiyaları keçirilən yerlərdə istənilən xarici ölkə vətəndaşının tutulması və işgəncəyə məruz qalması ehtimalı günü-gündən artır.
Bu hadisələr İranın perspektivdə təcrid olunması ilə yekunlaşa bilər.
2022-ci ildə İranda turizm sahəsinin ciddi böhran yaşayacağı istisna olunmur. Tehran hakimiyyətinin öz vətəndaşlarına qarşı antihumanist idarəçiliyi turizmə də təsir göstərəcək.
Qeyd edək ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, İranın ÜDM-ində ümumi səyahət və turizmin payı 2021-ci ildə 40 faiz artıb. Başqa sözlə, xarici turistlər ötən il İranda 2,5 milyard dollar xərcləyiblər. İranın ümumi iqtisadiyyatında səyahət və turizmin payı 2020-ci ildə 3,1 faiz olmuşdusa, ötən il bu rəqəm 4,1 faizə çatıb. İranın turizm sektorunda 2019-cu ildə 1,82 milyon iş yeri olubsa, 2020-ci ildə bu rəqəm 1,2 milyon iş yerinədək azalıb. Koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu sahə ilə əlaqədar iş yerləri 5,1 faiz artaraq 2021-ci ildə 1,29 milyona çatıb.
Odur ki, İranda turizmdən gələn gəlirlər azalacaq və hadisələr ölkə iqtisadiyyatının onsuz da ağır olan vəziyyətinə mənfi təsir göstərəcək.
“Report” İnformasiya Agentliyi