XƏBƏRLENTİ

xeberlenti.com

Ruslan Fətullayev: “Müasir otelləri müasir düşüncəli insanlar idarə etməlidir”

Otel idarəçiliyində böyük təcrübəsi olan, Türkiyə və ölkəmizdə otel idarəçiliyini uğurla həyata keçirmiş iqtisadçı ekspert Ruslan Fətullayevin saytımıza müsahibəsini təqdim edirik.

 Xidmət sahəsində ən böyük bölmələrdən birini turizm sahəsi təşkil edir…
Turizm dedikdə müxtəlif nəqliyyat növlərinin xidməti,mehmanxana və otellərin fəaliyyəti,əyləncə təyinatlı mərkəzlərin,idman komplekslərinin,ölkənin görməli və tarixi yerlərinə səyahət və ekskursiya xidmətləri göstərən müəssisələrin fəaliyyəti nəzərdə tutulur.
Heç şübhəsiz ki turizm sahəsində mehmanxana və otel təsərrüfatı əsas yerlərdən birini tutur.Onların əsas vəzifəsi qonaqları müvəqqəti də olsa keyfiyyətli yaşayış yeri ilə təmin etmək və onlara xidmət göstərməkdən ibarətdir.
Bu gün müasir otel və mehmanxanalar kifayət qədər modern quruluşuna və xidmət səviyyəsinə görə çox inkişaf etmişlər.Onlar qonaqların yerləşdirilməsi üsuluna, rahatlığına,asudə vaxtının və əyləncələrinin təşkilinə,qidalanmasına və dizayn quruluşuna görə fərqlənirlər. Bu gün müasir otellərin əsas iş prinsipi qəbul etdikləri qonaqların mədəni səviyyəsini,fərdi xüsusiyyətlərini və istəklərini nəzərə almaq,lazım gələrsə güzəştli paketlərin təklif edilməsindən ibarət olmalıdır.
Otel və mehmanxanaların xidmət səviyyəsinin qiymətləndirilməsində təmizlik və qidalanma xidmətinin də xüsusi rolu vardır.Otel ərazisinin və daxilinin daimi təmiz saxlanılması,yüksək keyfiyyətli və bol çeşidli qida məhsullarının təqdim edilməsi qonaqlarda hər zaman müştəri məmnuniyyəti yaradır.Otel və mehmanxanaların müasirləşməsi prosesi yeni standartlara uyğun biznes təsərrüfatlarının yaranmasına gətirib çıxarır. Belə ki müasir dövrün otelləri ancaq qonaq qəbul edərək onların istirahətinin və əyləncəsinin təşkil ilə kifayətlənmir, biznes və konqres mərkəzləri,A La Carte,All Exclusive,Full board və digər sistemlərlə işləyə bilən restoranlar,cinema club,təlim və tədris,tibbi müalicə mərkəzləri və s.gəlir gətirən sahələr yaradaraq maliyyə vəziyyətlərini xeyli gücləndirmiş olurlar.
 Müasir otel və mehmanxanalar necə idarə olunmalıdır?
Müasir mehmanxana və otellərin müştəri məmnuniyyəti qazanması,eyni zamanda rentabelli işləməsi üçün mükəmməl idarəçilik funksiyasına malik strukturu olmalıdır.Günün tələblərinə cavab verən bacarıqlı və işgüzar menecer peşəkarlardan ibarət komanda yaratmalı və doğru planlaşdırma işini qurmalıdır.Otel müasir idarəetmə sistemləri,modern avadanlıq və əşyalarla təchiz olunmalıdır.İndiki halda kabinetdən kollektivi idarə etmək ənənəsi artıq özünü doğrultmur.
Müasir otel idarəçisi müasir düşüncəyə və idarəetmə qabiliyyətinə malik olmalıdır.O otelə gələn qonaqların burada olduğu müddətdə istirahətinin təşkili ilə şəxsən yaxından maraqlanmalıdır.Qonaqların qarşılanması,yerləşdirilməsi,qidalanması və digər proseslərdə yaxından iştirak etməli,bir çox hallarda nəzarəti öz üzərinə götürməlidir.
Qonaqlarla otel menecerinin şəxsən ilgilənməsi,onların məişət və digər problemlərinə xüsusi qayğı ilə yanaşması qonaqlarda güvən,otelə isə daimi müştəri qazandırmış olur.Marketing və satış üzrə menecer,qəbul və xidmət üzrə menecer,təsərrüfat işləri üzrə menecer otel və mehmanxana sisteminin ən önəmli idarəedici kadrlarıdı.
Baş menecer və digər menecerlərin otelçilik sahəsində təhsilinin və ya təcrübəsinin,dil biliklərinin,kompüter proqramları biliyinin olması zəruridir.Onlar eyni zamanda idarə etdikləri sahənin marketinq strategiyasını mükəmməl müəyyən etməli,rəqib şirkətlərin iş prinsipini izləməli və SWOT analizlərini aparmalıdırlar.
Bəs bu gün ölkəmizdə otel və mehmanxana idarəçiliyi ilə bağlı vəziyyət necədir?
Son illər ölkəmizdə otel və mehmanxana biznesi sahəsində çox güclü işlər görülməkdədir.
İş adamlarının bu sahəyə böyük investisiya yatırması nəticəsində xeyli sayda yaraşıqlı və standartlara malik otel kompleksləri fəaliyyətə başlamışdır.Bu otellərin fəaliyyəti xaricə üz tutan turistlərimizin müəyyən bir hissəsinin istirahətinin respublikamızda etməsinə gətirib çıxarır ki,bu da xeyli maliyyə vəsaitinin ölkəmizdə qalması deməkdir. Lakin səviyyəli otel və mehmanxanalarımızın kifayət qədər olmasına baxmayaraq, bu sahənin idarə edilməsində xeyli qüsurlar var.Əsas faktorlardan biri keyfiyyətli personalın və peşəkar idarəçilərin kifayət qədər az olmasıdır ki bu da istirahət məkanlarının düzgün idarə edilməməsinə gətirib çıxarır.
Doğrudur bu gün Turizm və Menecment Universitetində,eləcə də bir neçə universitetlərdə turizm və otelçilik ixtisasları tədris olunsa da oranı bitirən tələbələrə təcrübə yığmaq üçün hələ bir neçə illər vaxt lazım olacaqdır.Bu gün otel qonaqlarının əsas şikayəti qiymətlərin həddindən çox baha və xidmət səviyyəsinin aşağı olmasıdır.Bir sıra hallarda otellərin reklamı ilə faktiki vəziyyəti uyğun gəlmir.Göstərilən xidmətlər,təklif edilən yeməklər aşağı səviyyədə və bahalı olur. Nədənsə sahibkarlar çox vaxt otellərinin idarəçiliyinə peşəkar menecerlərin gətirilməsində maraqlı olmurlar.Ölkə otellərində idarəçilik baxımından əsasən iki hal baş verir.Birinci və daha çox hallarda sahibkar idarəçiliyi yaxınlarına və qohumlarına həvalə edir ki,son nəticədə bu sahəni bilməyən həmin o qohum qardaşlar işlərini qura bilmədiyindən və əksər vaxt da nəfslərinə hakim ola blmədiyindən otel təsərrüfatını batırırlar.
İkinci halda isə az sayda  olsa da sahibkarlar idarəçiliyi peşəkarlara həvalə edir,lakin həmin peşəkar idarəçilərə sərbəstlik və səlahiyyət vermirlər.Nəinki sahibkar özü,hətta ailə üzvləri və qohumları da menecerin işlərinə müdaxilvə edir və son nəticədə də peşəkar menecer işini yarıda qoyaraq işdən getməyə qərar verir
.Əslində ağıllı və uzaqgörən sahibkar otel təsərrüfatının idarəçiliyini peşəkar menecerə həvalə etməklə təsərrüfatın uğurlu fəaliyyətinə və gəlirlə işləməsinə nail ola bilər.Otel və mehmanxanaların işini elə qurmaq lazımdır ki onlar 2-3 aylıq mövsümi deyil ilboyu daimi fəaliyyət göstərə bilsinlər.Bunun üçün onlar xidmət və əyləncə sahələrini genişləndirməli,bacarıqlı kadrları işə cəlb etməlidirlər.Artıq otel təsərrüfatını o vəziyyətə gətirmək lazımdır ki istirahətə gələn qonaqlar istədiyi hər bir xidmətdən otel ərazində istifadə edə bilsin və bunun üçün oteldən kənarda axtarış aparmağa lüzum görməsin.
 .Otel və mehmanxanaların qış turizmi perspektivi haqqında nə deyə bilərsiniz?
Turistlər ümumən istirahət üçün daha çox yay mövsümünü seçirlər.Onların bir qismi çimərlik yönümlü ,daha bir qismi isə istirahətini təbiət qoynunda keçirmək üçün rayonlarımıza üz tuturlar.Eyni zamanda çimərlik,təbiət və müalicə tipli istirahət mərkəzlərini seçənlər də az deyil. Xüsusi müalicə məqsədləri üçün fəaliyyət göstərən sanatoriya və kurort tipli müəssisələrin qapıları isə qonaqların üzünə il boyu açıqdır.İstər Həmkarlar təşkilatlarının xətti ilə,istərsə də fərdi şəkildə bu müəssisələrə üz tutan qonaqlar müalicə prosesindən və qiymətlərdən razı qalırlar. Turistlərin xüsusi ilə sevdiyi turizm növlərindən biri də qış turizmidir.
Son illər ölkəmizdə turizm sahəsinin ən perspektivli sahələrindən olan qış turizminin formalaşdırılması üçün xeyli iş görülmüşdür.Qış turizmi üçün ölkəmizin iqlimi və coğrafi potensialı bu sahənin inkişaf etdirilməsi üçün münbit şərait yaradır
.Bu məqsədlə ölkəmizdə,xüsusi ilə də şimal zonasında bir neçə yüksək səviyyəli otel kompleksləri inşa edilərək fəaliyyətə başlamışdır. Qış turizminə tələbatı  və ölkənin coğrafi mövqeyini nəzərə alaraq deyə bilərəm ki  bu tip komplekslərin sayı kifayət qədər azdır.Bu isə qış  turizmi həvəskarlarının   yerləşməsində və xidmət səviyyəsinin yüksəldilməsində problemlər yaradır.Bu sahədə otel komplekslərinin  azlığından yaranan rəqabətsizlik mühiti qiymətlərin fantastik dərəcədə yüksək olmasına,göstərilən xidmətin isə aşağı səviyyədə olmasına  gətirib çıxarır.Halbuki turistlər digər ölkələrdə bu və ondan da aşağı qiymətlərə daha yüksək səviyyədə istirahət edə bilərlər.Qış turizminə xidmət edən komplekslər digər infrastruktur və təsərrüfat məsələlərini də zamanında və yerində həll etməlidirlər.İstilik sisteminin,hamam və SPA ların,yolların və qış turizmi üçün lazım olan digər infrastrukturların və avadanlıqların vəziyyəti il boyu saz olmalıdır. Bu gün yeni turizm mərkəzlərinin yaradılması sahəsində mühüm işlər davam etməkdədir.Otel komplekslərində, mehmanxanalarda marketinq və xidmət sahələrinin fəaliyyəti düzgün qurulmaqla və bacarıqlı,peşəkar kadrlar cəlb edilməklə bu sahədə daha böyük inkişafa nail olmaq mümkündür.
Seyid Hüseyn Qədiroğlu /Xeberlenti.com
No description available.

About Author