XƏBƏRLENTİ

xeberlenti.com

Türk dövlətləri olmasaydı, Rusiya nə edərdi?

Yadıma gəlir ki, SSRİ dağılandan sonra rus müəllifləri geosiyasətdən bəhs edən yazılarında ən çox “türk zolağı”ndan yazırdılar. Onlar bu dövlətləri özlərinin bir nömrəli rəqibi hesab edir və türk-slavyan birliyi haqqında demək olar ki, heç nə yazmırdılar. Halbuki sonuncunu aktual edən bir çox amillər vardı.

Bir dəfə oxumuşdum ki, rus sözlərinin, səhv etmirəmsə, düz otuz faizi türk köklü-mənşəlidir. İkincisi, türklərlə rusları təkcə coğrafiya yox, həm də tarix birləşdirir. Üçüncüsü, indi türk respublikaları təkcə Rusiyanın kənarında yox, həm də daxilinidə təmsil olunublar. Dördüncüsü, hazırda türk dövlətləri təkcə KTMT təşkilatında yox, hətta Türkiyənin timsalında NATO-da belə Rusiyanı müdafiə edəcək siyasət aparırlar. Elə ona görə də bir vaxt böyük yazıçısı Aleksandr Soljenitsın Mərkəzi Asiya dövlətlərini “qarınaltı yük” adlandıranda çox böyük səhv etmişdi.

Əlbəttə, türk dövlətləri KTMT-nin tərkibində Ukraynada Rusiya ilə çiyin-çiyinə vuruşmurlar. Yox, Rusiya ilə bir ittifaq dövlətində bulunan Belarus belə bunu etmir. Amma türk dövlətləri Rusiyanın geosiyasi ambisiyalarına konkret məzmun verirlər. Onlar olmasaydı, Rusiya haqda fövqəldövlət kimi danışmaq tam məzmunsuz və mənasız olardı.

Düzdür, türk dövlətləri başqa geosiyasi müstəvi də qururlar. Bu, Türk Dövlətləri Birliyidir. Moskva hələ ki buna dözümlə yanaşır. Məsələ bundadır ki, Kremlin Ankara ilə mülayim münasibətləri var. Türkiyə hazırda Rusiyaya qarşı ən mülayim siyasət yürüdən ölkələrdən biridir.

Biz demirik ki, bu, düzgün addımdır. Yox, Rusiyanın Ukraynada apardığı müharibəyə anlaşıqla yanaşmaq qəti düzgün deyil. Ona görə ki, bu açıq-aşkar təcavüzdür. Amma Ankaranın Rusiyaya yönəlik siyasəti, sadəcə, dostluq siyasəti deyir, Türkiyə Rusiya ilə münasibətlərindən özünün  NATO-dakı müttəfiqləri ilə münasibətlərini, xüsusən də ABŞ-la əlaqələrini balanslaşdırmaq üçün istifadə edir.

Bəli, məsələ bundadır ki, ABŞ Türkiyəyə qarşı heç də səmimi münasibətlərdə bulunmur. Bunu elə digər NATO ölkələri haqqında da demək olar. Başqa nüanslar bir tərəfə qalsın, NATO dövlətlərinin bir çoxu, o cümlədən də ABŞ kürd separatçılarına siyasi və geosiyasi dəstək verir.

Amma burada müəyyən qədər dolaşıqlıq da var. Rusiyanın Türkiyəyə münasibətini heç də ideal adlandırmaq olmaz.

Moskva qondarma “erməni genosidi”ni Vaşinqtondan da əvvəl tanımışdı. Elə kürdlərlə Rusiyanın əlaqələrinin də çox böyük tarixi var. Məsələ bundadır ki, kürd separatist təşkilatları SSRİ dağılandan sonra öz ağalarını dəyişdilər. Buna qədər isə onlar əsasən radikal solçu idilər və Moskvadan dəstək alırdılar. Onların Tələbani, Bərzani kimi liderləri bilavasitə Kremlin yetirmələri idilər. Avropa solçularının bir hissəsinin də kürdlərə dəstək verməsinin səbəbi budur- PKK və digər təşkilatlar tamam olmasa da, indi də solçu müstəvidə qalmaqda davam edirlər. Bir daha deyirik ki, kürd separatistləri daha marksist deyillər, amma onları sol-mərkəzçi siyasi qüvvələr adlandırmaq olar…

Bir sözlə, kifayət qədər mürəkkəb olsa da, Türkiyənin Rusiya ilə münasibətlərini dözümlü hesab etmək olar. Burada Rusiyanın indiki hakimiyyətinin də xidmətləri var. Prezident Vladimir Putin Türkiyəyə səfər edən ilk Rusiya dövlət başçısıdır.

Bir daha deyirik ki, bütün bunlar Moskvanı türk dövlətlərinin inteqrasiya prosesinə dözümlə yanaşmağa vadar edir.

Əlbəttə, onlar bu prosesləri diqqətdə də saxlamağa çalışırlar. Bunlar onları 11 sentyabr toplantısını da ciddi analiz etməyə sövq etdi. Burada bir nüans da var. Ərəb Dövlətləri Liqası, Türk Dövlətləri Birliyi rusların slavyan birliyi haqqındakı çabalarını bir növ haqlı edir, onlar bu müstəvidə bir növ haqlı görünürlər. Elə bu səbəbdən də özlərinin türk satellitlərinin həm də Türk Birliyi formalaşdırmaq cəhdlərinə dözümlə yanaşırlar…

About Author