“Bir neçə həftədir Rusiya Ukrayna müharibəsində yeni ərazilər işğal etmək uğrunda mübarizə aparır. Lakin bu mübarizədə heç bir nəticə əldə edə bilməyən rus ordusu işğal etdiyi ərazilərdən geri cəkilməyə məcbur olur. Rus qoşunları Ukraynanın şərqindəki və cənubundakı mühüm rayonlardan, axırıncı dəfə isə Xerson şəhərindən geri çəkilib. Analitiklər hesab edirlər ki, hazırda Rusiya Ukraynada irəliləməkdən daha çox işğal etdiyi əraziləri əlində saxlamaq uğrunda mübarizə aparır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrinin yayımladığı “Rusiya Ukrayanda nə qazanıb, nə itirib?” başlıqlı məqalədə bildirilir.
Həmin məqalənin bir qisminin tərcüməsini oxuculara təqdim edirik: “The Washington Post”-un Müharibənin Tədqiqi İnstitutunun məlumatlarının təhlili göstərir ki, Rusiya aprel ayından bugünədək bir həftə ərzində Ukraynada 1000 kvadrat mildən böyük ərazi işğal edə bilməyib. Ukrayna hərbçiləri isə Moskvanın noyabrın 11-də geri çəkilməsindən sonra Xerson şəhərini geri qaytarıblar. Bu, Ukraynanın müharibədə indiyə qədər əldə etdiyi ən böyük qələbə, rus qoşunlarının isə apreldə şimaldan, sentyabrda isə Xarkovdan geri çəkildikdən sonra üçüncü böyük məğlubiyyəti idi. Sentyabr ayından etibarən Rusiya işğal etdiyi ərazilləri ard-arda itirməyə başlayıb.
Ukraynanın ərazisi təxminən ABŞ-ın Texas ştatı ilə eyni böyüklükdədir. Ancaq Ukrayna ABŞ-la müqayisədə kiçik görünsə də, Avropa standartlarına görə böyük ölkə hesab olunur.
Müharibədən əvvəl Rusiya Ukraynanın təxminən 17.000 kvadrat mil ərazisinə nəzarət edirdi. Müharibənin dördüncü həftəsinin sonunda Rusiya təxminən 51.000 kvadrat mil və ya Ukraynanın 22 faizini işğal etmişdi. Noyabrın 17-nə olan məlumata görə, Rusiya əsasən şərq və cənub ərazilərdə olmaqla Ukraynada 40 mil kvadrat mil əraziyə nəzarət edir. Bu, Ukraynanın təxminən 17 faizi edir. Sözügedən göstərici aprel ayından bəri Moskvanın nəzarət etdiyi ən kiçik ərazi faizidir.
Analitiklərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin hazırkı məqsədi Ukrayna qoşunlarını zəiflətmək, müttəfiqlərin Ukraynanın imkanlarına olan inamını azaltmaq, eyni zamanda yeni qüvvələrini gücləndirərək, müharibəyə cəlb etməkdir.
Rusiya qüvvələri Donetsk ətrafında müəyyən əraziləri ələ keçirə bilər, lakin burada hər hansı bir həlledici irəliləyişdən söhbət gedə bilməz. Rusiyanın işğal etdiyi əraziləri geri almaq üçün Ukrayana ordusu daha bir neçə əks-hücum əməliyyatı həyata keçirməldir. İndi əsas sual Ukraynanın qış mövsümündən bir neçə həftə əvvəl, yağış və palçığın adətən hərbi manevrləri çətinləşdirdiyi vaxtlarda irəliləməyə davam edib-edə biıməyəcəyi ilə bağlıdır”.
Elvin