Qərbi Azərbaycan İcması Azərbaycan hökumətindən Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinə köməklik göstərməyi xahiş edib.
Bu barədə icmanın yaydığı müraciətdə bildirilib.
İcma Azərbaycan Respublikası hökumətinə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verməsinə, onlara qayğı göstərməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına görə təşəkkür edib.
Eyni zamanda vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra da köməklik göstərməyi xahiş edib.
Müraciətdə BMT üzvü olan dövlətlərdən, BMT və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etmək xahiş olunub.