Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın bitməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə pandemiya bitir, indi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir.
ÜST-ün məlumatına görə son 28 gündə koronavirusa yoluxanların və ölüm hallarının sayı müvafiq olaraq 77 % və 66 % azalıb.
“Dünyada son 28 gündə (cari ilin yanvarın 30-dan fevralın 26-dək) 4.8 milyondan çox yeni yoluxma halı və 39 000-dən çox ölüm qeydə alınıb ki, bu da öncəki 28 günlə müqayisədə müvafiq olaraq 76 % və 66 % azalıb”, – ÜST-nin həftəlik epidemioloji xülasəsində bildirilib.
Fevralın 26-na olan vəziyyətə görə, dünyada 758 milyondan çox təsdiqlənmiş yoluxma halı və 6.8 milyondan çox ölüm faktı qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Pandemiyanın bitməsi ölkələrdə davam edən, hətta müddəti uzadılan karantin rejiminin ləğvini gündəmə gətirə, Azərbaycanda quru sərhədlərin açılmasına rəvac verə bilərmi?
Tanınmış həkim-ekspert, radioloq Aydın Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, koronavirus xəstəliyi Azərbaycanda tibbi problem konteksindən çıxıb:
“Pandemiya faktiki olaraq çoxdan bitib. Amma COVID-19 xəstəliyi ölkəmizdə tibbi problem çərçivəsindən çıxıb, sanki bir siyası məsələyə çevrilib. Bu baxımdan Azərbaycanda karantin rejimi uzadılıb, qaydaları və şərtləri isə davam edir. O ki qaldı Ümumdünya Səhiyyə Təşkilatının məlum açıqlamasına, bu qurum əlində təsir mexanizmi olan bir təşkilat deyil. O ancaq tövsiyə xarakterli məlumatlar paylaşır və xəbərdarlıqlar edir. Yəni ölkələr onu qəbul edə də, etməyə də bilər”.
Qeyd edək ki, ölkəmizdə də son günlər koronavirusa yoluxanların və ölənlərin sayında ciddi şəkildə azalma müşahidə olunur.
Alçina Amilqızı, Bizim.Media